Azərbaycan Antalya platformasında təşəbbüskar aktor kimi çıxış etdi – RƏY

Baş səhifə

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin
Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçirilən, “Gələcəyi
planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusuna
həsr olunmuş beşinci Antalya Diplomatiya Forumu beynəlxalq
münasibətlər sistemində artan risklər və dəyişən geosiyasi
reallıqlar fonunda mühüm əhəmiyyət kəsb edən qlobal dialoq
platforması kimi yadda qaldı.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Afət Həsənova
səsləndirib.

Deputatın sözlərinə görə, dövlət və hökumət başçılarını,
beynəlxalq təşkilatların nümayəndələrini, nüfuzlu siyasətçiləri və
ekspertləri bir araya gətirən forum qlobal təhlükəsizlik, enerji
strategiyaları, regional münaqişələrin həlli, çoxtərəfli əməkdaşlıq
mexanizmlərinin gücləndirilməsi kimi aktual məsələlərin açıq və
konstruktiv müzakirəsinə şərait yaratdı. Deputatın fikrincə, müasir
beynəlxalq sistemdə etimadın və dialoqun təşviqi baxımından belə
təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.

A.Həsənova vurğulayıb ki, Azərbaycanın forumdakı fəal iştirakı
ölkəmizin artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin
göstəricisidir: “Eyni zamanda bu cür platformalar Azərbaycanın
regionla bağlı mövqeyinin, post-münaqişə dövründə irəli sürdüyü
sülh gündəliyinin və əməkdaşlıq çağırışlarının dünya ictimaiyyətinə
çatdırılması baxımından mühüm imkanlar yaradır”.

Deputat bildirib ki, Azərbaycan indiyədək müzakirə olunan
istiqamətlər üzrə yalnız müşahidəçi deyil, təşəbbüskar və praktik
töhfələr verən aktor kimi çıxış edib.

Onun sözlərinə görə, Cənubi Qafqazda dayanıqlı sülhün təmin
olunması, qarşılıqlı etimad mühitinin formalaşdırılması və regionun
iqtisadi inteqrasiyasının dərinləşdirilməsi Azərbaycanın prioritet
siyasət istiqamətlərindəndir: “Bu yanaşma həm regional sabitliyə,
həm də daha geniş Avrasiya məkanında əməkdaşlıq imkanlarının
genişlənməsinə xidmət edir”.

Deputat əlavə edib ki, Azərbaycan bu gün enerji təhlükəsizliyi
sahəsində etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə böyük nüfuz
qazanıb: “Alternativ və ənənəvi enerji resurslarının
şaxələndirilmiş marşrutlarla dünya bazarlarına çıxarılması, eləcə
də nəqliyyat-logistika infrastrukturunun inkişafı ölkəmizin
strateji əhəmiyyətini daha da artırır. Şərq ilə Qərb arasında körpü
rolunu gücləndirən layihələr Azərbaycanın tranzit mərkəzi kimi
mövqeyini möhkəmləndirir və qlobal təchizat zəncirlərinin
davamlılığına töhfə verir. Bu baxımdan forumun gündəliyi ilə
Azərbaycanın strateji baxışları arasında ciddi uyğunluq müşahidə
olunur.

Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev bir sıra dövlət və hökumət başçıları ilə görüşlər
keçirib, həm ikitərəfli münasibətlərin inkişaf perspektivləri, həm
də regional və qlobal əhəmiyyətli məsələlər ətrafında fikir
mübadiləsi aparıb. Bu təmaslar diplomatik əlaqələrin
dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin forumda iştirakı
Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin və qardaşlıq
münasibətlərinin növbəti dəfə beynəlxalq ictimaiyyətə nümayiş
etdirilməsi baxımından da önəmlidir: “Forum çərçivəsində dövlət
başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü
zamanı əlaqələrin daha da inkişafı perspektivləri geniş müzakirə
olunub”.

A.Həsənovanın fikrincə, Antalya Diplomatiya Forumu Azərbaycanın
diplomatik uğurlarının və təşəbbüslərinin təqdimatı üçün effektiv
platformadır: “Forum bir daha göstərdi ki, ölkəmizin irəli sürdüyü
regional əməkdaşlıq və sülh təşəbbüsləri beynəlxalq səviyyədə maraq
doğurur və dəstək qazanır. Bu mənada tədbir Azərbaycan
diplomatiyasının ardıcıl və çoxşaxəli fəaliyyətinin növbəti uğurlu
mərhələsi kimi qiymətləndirilə bilər”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir