
Bakı. Trend:
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq
səviyyədə mühüm uğura imza atıb.
Nazirlikdən Trend-ə bildirilib ki, Dövlət Xidməti “International
Business Magazine” beynəlxalq media qurumunun 2026-cı il üzrə
təşkil etdiyi müsabiqədə “Mədəni irs üzrə ən yaxşı data
innovasiyası” (“Best Cultural Heritage Data Innovation Azerbaijan”)
nominasiyasında qalib elan olunub.
Mükafatın Mədəniyyət Nazirliyinin yaradılmasının növbəti
ildönümündə (2018-ci il 20 aprel) əldə olunması bu uğura xüsusi
rəmzi məna qazandırır və əlamətdar tarixə mühüm töhfədir.
Adıçəkilən mükafat mədəni irsin qorunması və idarə olunması
sahəsində innovativ yanaşmalara, xüsusilə müasir texnologiyaların
tətbiqi və məlumat bazalarının effektiv idarə edilməsinə görə
təqdim olunur.
Dövlət Xidməti tərəfindən həyata keçirilən layihələrdə mədəni
irs obyektlərinin rəqəmsallaşdırılması, məlumatların sistemli
şəkildə toplanması və idarə olunması beynəlxalq ekspertlər
tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda Azərbaycanın
zəngin mədəni irsinin qorunması, bərpası və təbliği istiqamətində
görülən işlər, bu sahədə tətbiq edilən innovativ data həlləri də
xüsusi qeyd olunub.
Bu nailiyyət həm ölkəmizin mədəni irs sahəsindəki beynəlxalq
nüfuzunun möhkəmlənməsinə, həm də rəqəmsallaşma istiqamətində
həyata keçirilən fəaliyyətin qlobal səviyyədə tanınmasına verilən
qiymətdir.
Xatırladaq ki, “International Business Magazine” tərəfindən
təşkil olunan müsabiqələrdə müxtəlif ölkələrdən dövlət qurumları,
tədqiqat institutları və beynəlxalq təşkilatlar iştirak edir və
fərqlənən qurumlar mükafatlandırılır.

