
Bakı.Trend:
İran, ABŞ, İsrail arasında yaşanan münaqişə dünyanın üzləşdiyi
ən pis enerji böhranını yaradır.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji
Agentliyinin rəhbəri Fatih Birol Fransanın yerli
radiostansiyalarından birinə müsahibəsində deyib.
“Bu, həqiqətən də tarixin ən böyük böhranıdır. Rusiya ilə bağlı
neft və qaz böhranının təsirlərini də buna qatsaq, vəziyyət artıq
son dərəcə ciddidir”, – o bildirib.
Birol bu ayın əvvəlində bildirmişdi ki, qlobal enerji
bazarlarında mövcud vəziyyət 1973, 1979 və 2022-ci illərdəki
böhranların məcmu təsirlərindən daha ağırdır.
Qeyd edək ki, Yaxın Şərqdəki müharibə qlobal neft və
mayeləşdirilmiş təbii qaz axınlarının beşdə birinin keçdiyi Hörmüz
boğazında dəniz nəqliyyatını ciddi şəkildə məhdudlaşdırıb.
Xatıladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən
danışıqlarda razılaşma əldə olunmayıb.

