
Bakı. Trend:
Orta Dəhlizin növbəti inkişaf mərhələsi yalnız tranzitlə deyil,
onun logistika infrastrukturunun dərinliyi ilə müəyyən
olunacaq.
Trend xəbər
verir ki, bu barədə Gürcüstanın “Royal Express” nəqliyyat
şirkətinin Baş direktorunun müavini Laşa Amaşukeli sosial şəbəkə
hesabında paylaşım edib.
“Orta Dəhliz haqqında danışarkən biz tez-tez onun sürətli
inkişafını vurğulayırıq və bu, tam haqlıdır. Yük axınları 2025-ci
ildə təxminən 5,2 milyon tona çatdı, halbuki 2019-cu ildə bu
göstərici təxminən 1 milyon ton idi. Bu, cəmi bir neçə il ərzində 5
dəfə artım deməkdir. Bəli, hamımız bu artımın davam etməsini
istəyirik. Amma belə artım yalnız mövcud impulsla baş vermir. Bu,
çox konkret dəstək tələb edir. Təkcə hökumətlərdən deyil, eyni
zamanda özəl sektordan da. Ən əsası, düzgün növ infrastruktur
yatırımları tələb edir. Çünki dəhliz sadəcə yollar və dəmir yolları
deyil. Əsl dəhliz, dəhliz boyunca yerləşən infrastruktur üzərində
qurulur”, – o bildirib.
Şirkət rəsmisi Orta Dəhliz boyunca anbarların üstünlüyünü xüsusi
vurğulayıb:
“Bu gün mən tez-tez diqqətdən kənarda qalan, lakin çox vacib bir
elementə fokuslanmaq istəyirəm: anbarlar.
Anbarlar sadəcə saxlama məkanları deyil , onlar axını təmin edən
əsas elementlərdir. Onlar yüklərin nə qədər sürətli hərəkət
etdiyini, nə qədər səmərəli idarə olunduğunu və dəhlizin nə
dərəcədə rəqabətqabiliyyətli olduğunu müəyyən edir.
Əgər biz bu marşrutu daha da genişləndirməkdə ciddiyiksə, anbar
infrastrukturu limanlar, dəmir yolları və avtomobil yolları ilə
yanaşı əsas prioritetlərdən birinə çevrilməlidir. Çünki kifayət
qədər və düzgün paylanmış anbar infrastrukturu olmadan, yüklər
hərəkət edəcək, amma səmərəli deyil, rəqabətli deyil və böyük
miqyasda deyil. Bu, həm hökumətlər, həm də investorlar üçün aydın
bir siqnaldır: Orta Dəhlizin növbəti inkişaf mərhələsi yalnız
tranzitlə deyil, onun logistika infrastrukturunun dərinliyi ilə
müəyyən olunacaq”.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən, həmçinin Xəzər
dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır.
Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

