
Bakı. Trend:
Qarabağda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf
mərhələsi başlayıb.
Bunu Trend-ə
politoloq Azər Qarayev deyib.
“2020-ci ildə başa çatan Vətən müharibəsi Azərbaycanın müasir
tarixində yalnız hərbi qələbə ilə deyil, həm də Prezident İlham
Əliyevin rəhbərliyi ilə yeni bir inkişaf mərhələsinin başlanğıcı
ilə yadda qaldı. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin işğaldan
azad edilməsi ölkə qarşısında tamamilə fərqli və daha mürəkkəb bir
vəzifə qoydu. Əgər müharibə dövründə əsas məqsəd ərazi bütövlüyünün
bərpası idisə, müharibədən sonrakı mərhələdə bu torpaqlarda həyatın
yenidən qurulması, insanların geri qayıdışı və regionun iqtisadi
baxımdan dirçəldilməsi Prezident İlham Əliyev tərəfindən prioritetə
çevrildi.
Azad edilmiş ərazilərin ermənilər tərəfindən salındığı
vəziyyətinin ilk görüntüləri bu vəzifənin nə qədər çətin olduğunu
açıq şəkildə göstərirdi. Şəhərlər tamamilə dağıdılmış, kəndlər
xəritədən silinmiş, sosial və iqtisadi infrastruktur məhv
edilmişdi. Ağdam, Füzuli, Cəbrayıl kimi şəhərlər faktiki olaraq
xarabalıqlara çevrilmişdi. Bu mənzərə yalnız fiziki dağıntını
deyil, eyni zamanda illərlə dayandırılmış həyatın nəticəsini əks
etdirirdi.
Bu reallıq Azərbaycanı klassik bərpa modelindən daha fərqli
yanaşma seçməyə vadar etdi və bu yanaşma Prezident İlham Əliyevin
irəli sürdüyü inkişaf strategiyasına əsaslanır. Qarabağda həyata
keçirilən proses sadəcə yenidənqurma deyil, əslində sıfırdan
quruculuq layihəsidir. Bu baxımdan son illərdə bu regionda görülən
işlər təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də diqqətlə
izlənilir”, – o bildirib.
Onun sözlərinə görə, müharibədən dərhal sonra Qarabağda qarşıya
çıxan əsas problemlərdən biri mina təhlükəsi idi. Ərazilərin böyük
hissəsi minalarla və partlamamış hərbi sursatlarla
çirkləndirilmişdi. Bu isə yalnız insanların geri qayıdışını
gecikdirmirdi, eyni zamanda tikinti və bərpa işlərinin başlanmasını
da çətinləşdirirdi.
“Mina problemi Qarabağın bərpasında ən ciddi maneələrdən biri
olaraq qalır. Çünki hər qarış torpaq potensial risk daşıyırdı və bu
risk aradan qaldırılmadan nə yaşayış məntəqələri tikmək, nə də
iqtisadi fəaliyyət qurmaq mümkün idi. Bu səbəbdən mina təmizləmə
işləri dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi və
bu gün də davam edir. Eyni zamanda, ilkin mərhələdə infrastrukturun
bərpası həyati əhəmiyyət daşıyırdı. Elektrik enerjisi, su təminatı
və yol infrastrukturu olmadan regionda heç bir fəaliyyət mümkün
deyildi. Bu səbəbdən ilk illərdə əsas diqqət məhz bu sahələrə
yönəldildi. Müvəqqəti elektrik xətləri çəkildi, su mənbələri bərpa
edildi və əsas nəqliyyat yollarının tikintisinə başlanıldı. Bu
dövrdə dövlət idarəçiliyində də yeni yanaşmalar tətbiq olundu.
Qarabağın bərpası ilə bağlı müxtəlif qurumların fəaliyyətini
əlaqələndirmək üçün xüsusi mexanizmlər yaradıldı. Bu koordinasiya
sayəsində layihələrin icrası daha sistemli və sürətli şəkildə
həyata keçirilməyə başladı”, – o bildirib.
A.Qarayev qeyd edib ki, Qarabağın dirçəlişində əsas rol oynayan
amillərdən biri də Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət
tərəfindən ayrılan böyük maliyyə vəsaitləridir. Son illərdə bu
ərazilərin bərpası və inkişafı üçün 17 milyard manatdan artıq
investisiya yönəldilib. O cümlədən, 2020-ci ildə 55 milyon manat,
2021-ci ildə 2,188 milyard manat, 2022-ci ildə 4,311 milyard manat,
2023-cü ildə 5,652 milyard manat və 2024-cü ildə isə 5,347 milyard
manat maliyyə vəsaiti ayrılıb. Bu rəqəm regionda həyata keçirilən
layihələrin miqyasını aydın şəkildə göstərir.
“Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə
yönəldilib. Yolların tikintisi, körpülərin salınması, tunellərin
qazılması və enerji sistemlərinin qurulması bu investisiyaların
əsas istiqamətlərini təşkil edir. Bununla yanaşı, yaşayış
binalarının tikintisi, sosial obyektlərin yaradılması və sənaye
sahələrinin inkişafı da bu prosesin mühüm hissəsidir. Qarabağın
bərpası yalnız cari ehtiyacların ödənilməsi məqsədi daşımır. Bu
proses uzunmüddətli strategiya əsasında həyata keçirilir. Məqsəd bu
regionu gələcəkdə Azərbaycanın iqtisadi inkişaf mərkəzlərindən
birinə çevirməkdir. Bu baxımdan həyata keçirilən bütün layihələr
dayanıqlı inkişaf prinsiplərinə uyğun planlaşdırılır”, – o
bildirib.
Onun sözlərinə görə, Qarabağın bərpasında Azərbaycanın dost və
tərəfdaş ölkələri də xüsusi rol oynayır.
“Belə ki, buraya Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu
Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscidin inşa edilməsi,
Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzulidə inşa olunan
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Füzuli şəhərində
Özbəkistanın maliyyə dəstəyi ilə tikilən müasir məktəb binası,
Qırğızıstan Prezidenti Sadır Japarovun təşəbbüsü ilə Qırğızıstan
dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının
inşası, Türkiyə şirkətlərinin Qarabağın ərazisində onlarla
layihələrdə iştirak etməsi, Belarusun kənd təsərrüfatı şəhərciyinin
yaradılmasında rolu və bir sıra digər layihələri aid etmək olar.
Burada, təbii ki, əsas amillərdən biri də Prezident İlham Əliyevin
sözügedən ölkələrin liderləri ilə olan münasibətləridir”, – o
bildirib.
Politoloq vurğulayıb ki, Qarabağın inkişafında nəqliyyat
infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Uzun illər ərzində bu
ərazilərdə yollar tamamilə yararsız hala düşmüşdü. Müharibədən
sonra isə bu sahədə genişmiqyaslı işlərə başlanıldı.
“Dövlət başçısının rəhbərliyi altında azad edilmiş ərazilərdə
artıq 3000 kilometrdən artıq avtomobil yolu inşa edilir. Bu yollar
regionun əsas şəhər və kəndlərini bir-biri ilə birləşdirir və
Qarabağın Azərbaycanın digər bölgələri ilə əlaqəsini təmin edir.
Dağlıq ərazilərdə tikilən tunellər və körpülər isə mühəndislik
baxımından mürəkkəb olsa da, regionun inkişafı üçün həyati
əhəmiyyət daşıyır. Bununla yanaşı, Qarabağda üç beynəlxalq hava
limanının tikilməsi regionun inkişafına əlavə təkan verib. Füzuli,
Zəngilan və Laçın hava limanları artıq istifadəyə verilib və bu
hava limanları regionun həm iqtisadi, həm də turizm potensialını
artırır. Bu obyektlər Qarabağın beynəlxalq nəqliyyat xəritəsində
yer almasına imkan yaradır”, – A.Qarayev bildirib.
Onun sözlərinə görə, Qarabağda aparılan bərpa işlərinin ən
diqqətçəkən xüsusiyyətlərindən biri müasir şəhərsalma
prinsiplərinin tətbiqidir. Burada yalnız köhnə şəhərlərin bərpası
deyil, eyni zamanda yeni urbanizasiya modelinin yaradılması həyata
keçirilir.
“Artıq 8 şəhər üzrə baş planlar təsdiqlənib və onlarla yaşayış
məntəqəsi üzrə layihələr hazırlanıb. Bu planlar hazırlanarkən
ekoloji tarazlıq, enerji səmərəliliyi və texnoloji inkişaf kimi
amillər əsas götürülür. Bu yanaşma Qarabağın gələcəkdə müasir və
innovativ regiona çevrilməsinə şərait yaradır. Zəngilan rayonunun
Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi bu sahədə
nümunəvi modeldir. Bu layihə çərçivəsində tətbiq olunan
texnologiyalar kənd təsərrüfatından tutmuş enerji təminatına qədər
müxtəlif sahələri əhatə edir. Bu isə göstərir ki, Qarabağda qurulan
model yalnız şəhərlərlə məhdudlaşmır, kənd yerlərində də müasir
yanaşmalar tətbiq olunur.
Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi regionun inkişaf
istiqamətlərini müəyyən edən əsas qərarlardan biridir. Bu yanaşma
həm ekoloji baxımdan, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb
edir. Hazırda Cəbrayıl rayonunda iri günəş elektrik stansiyasının
tikintisi davam edir. Şəfəq Günəş Elektrik Stansiyasının
səhmdarları BP, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti olmaqla,
layihəyə təxminən 200 milyon ABŞ dolları məbləğində investisiya
yatırılması nəzərdə tutulur.
Bununla yanaşı, digər bərpa olunan enerji layihələri də
planlaşdırılır. Kiçik su elektrik stansiyalarının bərpası və yeni
enerji obyektlərinin tikintisi regionun enerji potensialını
artırır. Bu strategiya Qarabağın gələcəkdə enerji istehsalında
mühüm rol oynamasına imkan verəcək. Eyni zamanda bu yanaşma
Azərbaycanın ümumi enerji siyasətinə uyğun şəkildə həyata
keçirilir”, – o bildirib.
Politoloq qeyd edib ki, Qarabağda iqtisadi aktivliyin artması
dövlət tərəfindən yaradılan əlverişli biznes mühiti ilə sıx
bağlıdır. Sahibkarlar üçün təqdim olunan vergi və gömrük
güzəştləri, kredit subsidiyaları və digər dəstək mexanizmləri
regiona investisiya axınını artırır.
“Dövlət başçısının tapşırıqlarına əsasən, işğaldan azad edilmiş
ərazinin rezidentinə bir sıra vergi və gömrük güzəştləri və
azadolmaları təklif edilir. Buraya 2023-cü il yanvarın 1-dən
etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və
sadələşdirilmiş vergidən azad olması; müvafiq iqtisadi fəaliyyət
sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji
avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı
2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən
azad olması; müvafiq iqtisadi fəaliyyət sahələri və mal
nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və
qurğuların, habelə xammal və materialların idxalı – 2023-cü il
yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumundan azad olması;
hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri
2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad
olması; fiziki şəxs olan istehlakçılar tərəfindən mehmanxana və
hotellərdə göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız
qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5
faizi geri qaytarılması. Həmçinin istehsal fəaliyyəti ilə məşğul
olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 (on) il müddətində
hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi,
təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti)
tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faizi
məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı
ödənilir. Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonasında
artıq bir sıra müəssisələr fəaliyyətə başlayıb. Bu müəssisələr
regionda yeni iş yerlərinin açılmasına və iqtisadi inkişafın
sürətlənməsinə səbəb olur.
Qarabağın yenidən qurulması prosesində infrastruktur və iqtisadi
layihələr nə qədər mühüm rol oynayırsa, insan amili də bir o qədər
həlledici əhəmiyyət daşıyır. Əslində, bütün bu quruculuq işlərinin
əsas məqsədi insanların doğma torpaqlarına qayıdışını təmin etmək
və onların normal həyat şəraitini bərpa etməkdir. Bu baxımdan
Prezident İlham Əliyevin sərəncamı ilə başladılmış “Böyük Qayıdış”
proqramı Qarabağın dirçəliş strategiyasının mərkəzində dayanır. Son
illər ərzində on minlərlə keçmiş məcburi köçkün artıq Qarabağa
qayıdıb. Bu qayıdış mərhələli şəkildə həyata keçirilir və hər bir
köç prosesi ciddi planlaşdırma əsasında təşkil olunur. İnsanların
geri dönüşü yalnız evlərin tikilməsi ilə məhdudlaşmır. Bu proses
eyni zamanda iş yerlərinin yaradılmasını, sosial xidmətlərin təmin
edilməsini və ümumilikdə yaşayış üçün zəruri bütün şəraitin
formalaşdırılmasını tələb edir. Qayıdan ailələrin həyatına
baxdıqda, burada artıq yeni sosial mühitin formalaşdığını görmək
mümkündür. Müasir evlər, abad küçələr, təmiz su, dayanıqlı enerji
təminatı və digər imkanlar insanların uzun illərdən sonra öz
torpaqlarında rahat yaşamasına şərait yaradır”, – o bildirib.
A.Qarayev vurğulayıb ki, Qarabağda həyatın yenidən qurulması
yalnız yaşayış binalarının tikilməsi ilə yekunlaşmır. Sosial
infrastrukturun yaradılması bu prosesin ayrılmaz hissəsidir.
Məktəblərin, uşaq bağçalarının, xəstəxanaların və digər sosial
obyektlərin tikintisi insanların normal həyat şəraitinə qayıtması
üçün vacibdir.
“Yeni tikilən məktəblər müasir standartlara cavab verir və ən
son texnologiyalarla təchiz olunur. Bu məktəblərdə təhsil alan
uşaqlar artıq əvvəlki nəsillərdən fərqli olaraq daha keyfiyyətli
təhsil alma imkanına malikdir. Bu isə gələcəkdə regionun insan
kapitalının formalaşmasında mühüm rol oynayacaq. Səhiyyə sahəsində
də ciddi irəliləyişlər müşahidə olunur. Yeni xəstəxanalar və tibb
məntəqələri əhalinin tibbi xidmətlərə çıxışını təmin edir. Bu
obyektlər yalnız ilkin tibbi yardım göstərmək üçün deyil, eyni
zamanda daha geniş xidmət spektrini əhatə etmək üçün nəzərdə
tutulub. Prezident İlham Əliyev bu obyektlərin bir çoxunun
açılışında şəxsən iştirak edir. Bu da onu göstərir ki, burada baş
verən bütün proseslər dövlət başçısının daim nəzarətindədir”, – o
bildirib.
Politoloqun fikrincə, Qarabağa qayıdan insanların qarşısında
duran əsas məsələlərdən biri məşğulluqdur. Dövlət bu sahədə
müxtəlif proqramlar həyata keçirərək insanların işlə təmin
olunmasına çalışır. Özünüməşğulluq proqramları, peşə hazırlığı
kursları və əmək yarmarkaları bu istiqamətdə əsas alətlərdən
biridir.
“Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olunmuş
ərazilərimizə köçürülən sakinlər üçün həmin ərazilərdə indiyədək 27
əmək yarmarkası təşkil olunub. Sakinlərin əmək bazarının
tələblərinə uyğun peşə bacarıqlarının artırılması məqsədilə
Agentlik tərəfindən onlar üçün kənd təsərrüfatı, tikinti, sənaye,
xidmət və s. sahələr üzrə peşə hazırlığı kursları da təşkil edilir.
Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərə
köçürülən sakinlərindən artıq 356 şəxsi peşə kurslarına cəlb edib.
Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi bu sahədə mühüm rola
malik olması ilə seçilir. Mərkəzdə 50-dək peşə istiqaməti üzrə peşə
kursları təşkil olunur. İşğaldan azad edilmiş ərazilərdə
məskunlaşaraq işləyən mütəxəssislər və işəgötürənlər üçün
stimullaşdırıcı dəstək paketi də icra olunur. Həmin mütəxəssislər
birdəfəlik müavinətlə (600 manat), hər il 5 gün əlavə məzuniyyətlə,
aylıq vəzifə maaşına əlavələrlə təmin edilirlər. Həmçinin qeyd
edilən ərazilərdə fəaliyyət göstərən işəgötürənlər tərəfindən
işçilər üçün ödənilən sosial sığorta haqlarının dövlət büdcəsinin
vəsaiti hesabına subsidiyalaşdırılması işləri və s. də
aparılır.
Minlərlə insan artıq müxtəlif sahələr üzrə işlə təmin olunub.
Kənd təsərrüfatı, tikinti, xidmət sektoru və sənaye sahələri
məşğulluğun əsas istiqamətlərini təşkil edir. Bu isə regionda
iqtisadi aktivliyin artmasına səbəb olur. Xüsusilə kənd
təsərrüfatının bərpası Qarabağ üçün böyük perspektivlər vəd edir.
Uzun illər istifadəsiz qalmış torpaqların yenidən əkin dövriyyəsinə
cəlb olunması regionun iqtisadi potensialını artırır. Bu sahədə
tətbiq olunan müasir texnologiyalar məhsuldarlığın yüksəlməsinə
şərait yaradır.
Qarabağ yalnız iqtisadi deyil, həm də mədəni və turizm
baxımından böyük potensiala malikdir. Şuşa şəhəri bu baxımdan
xüsusi yer tutur. Tarixi abidələrin bərpası və şəhərin yenidən
qurulması nəticəsində Şuşa tədricən regionun mədəni mərkəzinə
çevrilir. Turizm sahəsində aparılan işlər Qarabağın gələcəkdə
ölkənin əsas turizm istiqamətlərindən birinə çevriləcəyini
göstərir. Dağlıq relyef, təbii gözəlliklər və zəngin tarix bu
regionu turistlər üçün cəlbedici edir. Eyni zamanda dini və tarixi
abidələrin bərpası milli irsin qorunması baxımından mühüm əhəmiyyət
kəsb edir. Bu proses yalnız memarlıq nümunələrinin bərpası deyil,
həm də tarixi yaddaşın yenidən canlandırılması deməkdir”, –
politoloq bildirib.
Onun sözlərinə görə, Qarabağın dirçəlişi prosesi nə qədər uğurlu
olsa da, bu yol tamamilə problemsiz deyil.
“Ən ciddi problemlərdən biri hələ də mina təhlükəsinin
qalmasıdır. Bu məsələ həm insanların təhlükəsizliyinə, həm də
iqtisadi fəaliyyətin genişlənməsinə təsir göstərir. Azərbaycan bu
istiqamətdə genişmiqyaslı işlər həyata keçirir, ərazilərin mina və
partlamamış sursatlardan təmizlənməsi üçün sistemli tədbirlər
görülür. Bununla yanaşı, prosesin daha sürətli və effektiv
aparılması üçün beynəlxalq tərəfdaşların texniki və maliyyə dəstəyi
də xüsusi əhəmiyyət daşıyır”, – o bildirib.
A.Qarayev bildirib ki, Qarabağda həyata keçirilən layihələr
göstərir ki, bu region yalnız bərpa olunmur, eyni zamanda gələcəyin
inkişaf modeli burada formalaşdırılır.
“Müasir texnologiyaların tətbiqi, “yaşıl enerji” strategiyası və
innovativ şəhərsalma yanaşmaları Qarabağı Azərbaycanın ən qabaqcıl
bölgələrindən birinə çevirə bilər. Bu gün Qarabağda görülən işlər
yalnız dağıdılmış ərazilərin bərpası deyil. Bu, həm də Prezident
İlham Əliyevin rəhbərliyi ilə yeni iqtisadi və sosial modelin
qurulmasıdır. Bu model gələcəkdə digər regionlar üçün də nümunə ola
bilər. Qarabağın dirçəlişi Azərbaycanın son illərdə həyata
keçirdiyi ən böyük və ən əhəmiyyətli layihələrdən biridir və bu
proses dövlət başçısının şəxsi nəzarəti altında davam etdirilir.
Prezident İlham Əliyev azad edilmiş ərazilərə mütəmadi səfərlər
edir, burada həyata keçirilən layihələrlə yerində tanış olur, yeni
infrastruktur və sosial obyektlərin açılışlarında iştirak edir,
eyni zamanda Böyük Qayıdış çərçivəsində doğma yurdlarına qayıdan
sakinlərlə görüşür.
Bu proses yalnız maddi resursların deyil, həm də siyasi
iradənin, strateji baxışın və xalqın iradəsinin nəticəsidir. Bu gün
Qarabağda baş verən dəyişikliklər göstərir ki, dağıntıdan müasir və
inkişaf etmiş region yaratmaq mümkündür. Qarşıda hələ çox iş var,
lakin artıq atılan addımlar bu yolun düzgün seçildiyini sübut edir.
Qarabağ tədricən yalnız keçmişin ağrılarını deyil, həm də gələcəyin
ümidlərini özündə birləşdirən bir məkana çevrilir”, – politoloq
əlavə edib.

