
Bakı. Trend:
Amerikalı hərbçilər ABŞ silahlı qüvvələrinin Hind-Sakit okean
komandanlığının (INDOPACOM) məsuliyyət zonasında olan sularda
“Tifani” adlı tankeri ələ keçirib.
Trend xəbər verir
ki, bu barədə Pentaqonun “X” səhifəsində məlumat yayılıb.
“Bu gecə ABŞ Silahlı Qüvvələri heç bir insident olmadan sanksiya
altında olan, dövlət mənsubiyyəti göstərilməyən “M/T Tifani”
tankerini saxlayıb, yoxlama aparıb və gəminin göyərtəsinə qalxıb”,-
deyə Pentaqonun “X” sosial şəbəkəsində yaydığı məlumatda qeyd
olunub.
Qurum vurğulayıb ki, ABŞ hərbçiləri Vaşinqtonun qeyri-qanuni
hesab etdiyi və İrana maddi dəstək göstərən təchizat şəbəkələrinin
qarşısını almaq üçün tədbirlər görməyə davam edəcək.

