
Bakı. Trend:
2025-ci il və 2026-cı ilin birinci rübündə 157 nəzarət
obyektində keçirilmiş yoxlamalar zamanı müəyyən olunan nöqsanlar
aradan qaldırılıb.
Trend xəbər verir
ki, bu barədə Maliyyə Nazirliyində keçirilən Kollegiya iclasında
məlumat verilib.
Bildirilib ki, maliyyə pozuntuları bərpa olunub, vergidən
yayınmış məbləğlərin dövlət büdcəsinə ödənilməsi təmin edilib,
həmçinin ilkin maliyyə nəzarəti tədbirləri ilə artıq xərclənmələrin
qarşısı alınıb. Eyni zamanda, qanunvericiliyin tələblərini pozmuş
vəzifəli şəxslər barəsində inzibati və intizam tədbirləri görülüb,
bir sıra hallarda materiallar hüquq-mühafizə orqanlarına təqdim
olunub.
Kollegiya iclasında vurğulanıb ki, nəzarət tədbirlərinin
effektivliyinin artırılması məqsədilə risk əsaslı yanaşma və müasir
təhlil metodları geniş tətbiq olunur, “Rəqəmsal Dövlət Maliyyəsi
İnformasiya Sistemi” və digər elektron platformalar üzərindən əldə
olunan məlumatların inteqrasiyası gücləndirilir. Eyni zamanda,
qanunvericiliyin təkmilləşdirilməsi, yeni nəzarət qaydalarının
hazırlanması, institusional potensialın artırılması və kadr
təminatının gücləndirilməsi istiqamətində sistemli işlər davam
etdirilir.
S.Babayev dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi,
nəzarət tədbirlərinin səmərəliliyinin artırılması və risk əsaslı
yanaşmanın genişləndirilməsi istiqamətində tədbirlərin davam
etdirilməsinin vacibliyini bildirib. Bu məqsədlə rəqəmsal
informasiya sistemlərindən istifadənin genişləndirilməsi, maliyyə
pozuntularının erkən aşkar edilməsi və qarşısının alınması üçün
ilkin maliyyə nəzarəti mexanizmlərinin gücləndirilməsinin xüsusi
əhəmiyyət daşıdığı qeyd olunub.
Nazir aşkar edilmiş maliyyə pozuntularının bərpası üzrə
tədbirlərin effektivliyinin artırılması və bu istiqamətdə icraya
nəzarətin gücləndirilməsi, habelə maliyyə nəzarəti tədbirlərinin
aparılmasına dair yeni qaydaların və metodiki tövsiyələrin
hazırlanması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı
müvafiq tapşırıqlar verib.
Qeyd olunub ki, Mərkəzləşdirilmiş İnformasiya İdarəetmə
Sistemindən əldə olunan məlumatların müvafiq alt sistemdə
icmallaşdırılaraq nəzarət tədbirlərinin planlaşdırılmasında
istifadə olunması və elektron pilləli yoxlama sisteminin
yaradılması nəzarət mexanizmlərinin operativliyinin və
effektivliyinin artırılmasına, şəffaflığın gücləndirilməsinə mühüm
töhfə verəcək.

