Kollegiya iclasında xəzinədarlıq və maliyyə nəzarəti sahəsində görülən işlər müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Aprelin 21-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində
keçirilən növbəti Kollegiya iclasında Nazirlik yanında Dövlət
Xəzinədarlıq Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidməti
tərəfindən görülmüş işlər və növbəti dövr üçün qarşıda duran
vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.

Bu barədə Trend
nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların
rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri,
Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə həyata
keçirilən ardıcıl, məqsədyönlü siyasət nəticəsində makroiqtisadi
sabitlik gücləndirilib və maliyyə dayanıqlığı təmin edilib. Qeyd
olunub ki, bu amillər dövlət büdcəsinin icrasına da müsbət təsir
göstərib, gəlir və xərclər üzrə proqnozlar yerinə yetirilib.

2026-cı ilin yanvar-mart aylarında da dövlət büdcəsinin
icrasında müsbət dinamikanın davam etdiyini deyən S.Babayev
bildirib ki, ilin l rübü ərzində dövlət büdcəsi üzrə gəlirlər
ümumilikdə 9,6 milyard manat olub. Bu da proqnoza münasibətdə 5
faiz artımla icra deməkdir. Həmin dövr ərzində dövlət büdcəsinin
xərcləri isə 7,8 milyard manatdan çox olub.

İclasda Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2025-ci ildə
görülmüş işlər və qarşıda duran vəzifələr üzrə məruzə dinlənilib.
Qeyd olunub ki, dövlət xəzinədarlığına daxil olmuş sənədlərin icra
müddəti ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək sürətlənib,
real vaxt rejimində dövlət xəzinədarlığının məlumatlarına çıxış
imkanı təmin edən “Maliyyə Hesabatlılıq Portalı” yaradılıb və
portal vasitəsilə istifadəçilərin operativ və dəqiq məlumatları
vahid platforma üzərindən əldə etməsi hədəf kimi müəyyən
edilib.

Eyni zamanda məlumat verilib ki, dövlət maliyyəsinin idarə
olunmasında müasir texnologiyaların tətbiqi və rəqəmsallaşmanın
sürətləndirilməsi məqsədilə Agentlik tərəfindən maliyyə
əməliyyatlarının vahid mərkəzdən idarə olunması və operativlik
təmin olunub.

İclasda bildirilib ki, artıq xəzinə əməliyyatları üzrə xidmət
pasportlarının yaradılmasına başlanılıb. Bu məqsədlə Dövlət
Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər unifikasiya
edilərək 75 adda xidmət əməliyyatı müəyyən olunub, 1000-dən çox
prosesi əhatə edən, bütün xidmətləri özündə birləşdirən 12 xidmət
pasportu və 1 təlimat hazırlanıb. Qeyd olunub ki, bu təşəbbüs büdcə
təşkilatlarının maarifləndirilməsinə, proseslərin
təkmilləşdirilməsinə, həmçinin pasportların bütün əməkdaşlar
tərəfindən mənimsənilərək xəzinə əməliyyatlarında bələdçi rolunu
oynamasına xidmət edir.




Kollegiyanın sədri Dövlət Xəzinədarlıq Agentliyinə elektron
sistemlərin, o cümlədən “Maliyyə Hesabatlılıq Portalı”nın
təkmilləşdirilməsi, büdcənin icrasına operativ nəzarətin
gücləndirilməsi və vahid xəzinə hesabının qalığının real vaxt
rejimində izlənilməsi imkanlarının genişləndirilməsi istiqamətində
tədbirlərin davam etdirilməsini tapşırıb. Eyni zamanda, xəzinə
əməliyyatları üzrə vahid standartların tətbiqi, daxili nəzarət,
monitorinq və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi,
proseslərin təhlili və davamlı təkmilləşdirilməsi məqsədilə xidmət
pasportlarının hazırlanması işlərinin davam etdirilməsinin
vacibliyi vurğulanıb.

İclasda Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti müzakirə
edilərək bildirilib ki, dövlət vəsaitlərinin səmərəli və təyinatı
üzrə istifadəsinə nəzarətin gücləndirilməsi istiqamətində ardıcıl
tədbirlər həyata keçirilir. Aparılan yoxlamalar nəticəsində
normativ-hüquqi aktların tələblərinin pozulması halları, o cümlədən
artıq və əsassız ödənişlər aşkar edilib və bu istiqamətdə müvafiq
tədbirlər görülür.

Qeyd olunub ki, 2025-ci il və 2026-cı ilin birinci rübündə
¬¬¬¬157 nəzarət obyektində keçirilmiş yoxlamalar zamanı müəyyən
olunan nöqsanlar aradan qaldırılıb, maliyyə pozuntuları bərpa
olunub, vergidən yayınmış məbləğlərin dövlət büdcəsinə ödənilməsi
təmin edilib, həmçinin ilkin maliyyə nəzarəti tədbirləri ilə artıq
xərclənmələrin qarşısı alınıb. Eyni zamanda, qanunvericiliyin
tələblərini pozmuş vəzifəli şəxslər barəsində inzibati və intizam
tədbirləri görülüb, bir sıra hallarda materiallar hüquq-mühafizə
orqanlarına təqdim olunub.

Kollegiya iclasında vurğulanıb ki, nəzarət tədbirlərinin
effektivliyinin artırılması məqsədilə riskəsaslı yanaşma və müasir
təhlil metodları geniş tətbiq olunur, “Rəqəmsal Dövlət Maliyyəsi
İnformasiya Sistemi” və digər elektron platformalar üzərindən əldə
olunan məlumatların inteqrasiyası gücləndirilir. Eyni zamanda,
qanunvericiliyin təkmilləşdirilməsi, yeni nəzarət qaydalarının
hazırlanması, institusional potensialın artırılması və kadr
təminatının gücləndirilməsi istiqamətində sistemli işlər davam
etdirilir.

S.Babayev dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi,
nəzarət tədbirlərinin səmərəliliyinin artırılması və risk əsaslı
yanaşmanın genişləndirilməsi istiqamətində tədbirlərin davam
etdirilməsinin vacibliyini bildirib. Bu məqsədlə rəqəmsal
informasiya sistemlərindən istifadənin genişləndirilməsi, maliyyə
pozuntularının erkən aşkar edilməsi və qarşısının alınması üçün
ilkin maliyyə nəzarəti mexanizmlərinin gücləndirilməsinin xüsusi
əhəmiyyət daşıdığı qeyd olunub.

Nazir aşkar edilmiş maliyyə pozuntularının bərpası üzrə
tədbirlərin effektivliyinin artırılması və bu istiqamətdə icraya
nəzarətin gücləndirilməsi, habelə maliyyə nəzarəti tədbirlərinin
aparılmasına dair yeni qaydaların və metodiki tövsiyələrin
hazırlanması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı
müvafiq tapşırıqlar verib. Qeyd olunub ki, Mərkəzləşdirilmiş
İnformasiya İdarəetmə Sistemindən əldə olunan məlumatların müvafiq
alt sistemdə icmallaşdırılaraq nəzarət tədbirlərinin
planlaşdırılmasında istifadə olunması və elektron pilləli yoxlama
sisteminin yaradılması nəzarət mexanizmlərinin operativliyinin və
effektivliyinin artırılmasına, şəffaflığın gücləndirilməsinə mühüm
töhfə verəcək.

Kollegiya iclasında, həmçinin Maliyyə Nazirliyində tapşırıqların
icra vəziyyəti və hesabatlarla bağlı məsələlərə dair təqdimat
nümayiş etdirilib, müzakirələr aparılıb və qaldırılan məsələlər
üzrə müvafiq qərarlar qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir