
ABŞ prezidenti Donald Tramp İranla atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Modern.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Bu qərar Pakistanın vasitəçiliyi ilə aparılan sülh danışıqlarını davam etdirmək üçün verilib. Tramp bildirib ki, İran rəhbərliyi daxilində ciddi parçalanma var və vahid mövqe formalaşana qədər hücumları dayandırır.
Bununla yanaşı, ABŞ İran limanlarına və sahillərinə tətbiq etdiyi dəniz blokadasını saxlayır. Tehran bunu faktiki müharibə aktı kimi qiymətləndirir. İran tərəfi, o cümlədən hərbi qurumlar, hər hansı hücuma sərt cavab verəcəklərini bildiriblər.
İran parlament rəhbərliyinə yaxın şəxslər isə Trampın bu addımını “vaxt qazanmaq üçün manevr” adlandırır və qəfil hücum ehtimalından danışırlar.
Digər tərəfdən, Shehbaz Sharif hər iki tərəfi atəşkəsə əməl etməyə çağırıb və danışıqların davam edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı başladığı müharibə fevralın 28-də başlayıb və minlərlə insanın ölümünə səbəb olub. Aprelin əvvəlində Pakistanın vasitəçiliyi ilə müvəqqəti atəşkəs əldə olunmuşdu.

