
Bakı. Trend:
Erməni saxtakarlıqları və plagiatçılığının ifşası istiqamətində
görülən işlər açıqlanıb.
Trend xəbər verir
ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran
İmanov “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə
keçirilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik
saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya qədim Turan
haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və
onların Qafqaz ilə əlaqələri” mövzusunda konfrans çərçivəsində
mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xalq artisti Elmira
Rəhimovanın ifa etdiyi “İntizar” mahnısı (musiqisi bəstəkar Nüşabə
Muradovaya, sözləri şair Südabə Şəfaya məxsusdur) erməni musiqi
nümunəsi kimi Artash Asatryanın ifasında “Ter Hisus Ari” adı
altında “YouTube” platformasında yerləşdirilib. Erməni ifaçı özünü
söz və musiqi müəllifi kimi təqdim edib.
“Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi, musiqisi
bəstəkar Gülər Həsənovaya və sözləri şair Baba Vəziroğluna məxsus
olan “Yeni il mahnısı” digər erməni müğənnisi Tiqran Asatryanın
ifasında “Qez Hamar” adı ilə “YouTube”da yerləşdirilib. Erməni
qarmon ifaçısı Qagik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə
yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının
musiqisindən istifadə edərək popuri hazırlayıb və “YouTube”da
yerləşdirib, lakin mahnıların adlarını və müəlliflərini
göstərməyib. Erməni əsilli Kipr müğənnisi Ovik Dəmirçyan da
musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə
məxsus olan “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni
mahnısı kimi yunan dilində “Hara gedir” adı ilə ifa edib və “YouTube” platformasında yayıb.
Agentlik tərəfindən görülən tədbirlər nəticəsində bu kimi erməni
oğurluqlarının qarşısı alınıb. Belə ki, Artash Asatryan, Tiqran
Asatryan, Qagik Stepanyan və Ovik Dəmirçyanın erməni nümunələri
kimi təqdim etdikləri yuxarıda qeyd olunan ifalar “YouTube”
platformasından silinib”.

