Səudiyyə Ərəbistanının yeni dəmir yolu marşrutları Azərbaycanın Orta Dəhlizdə rolunu gücləndirə bilər – ADY

Baş səhifə

Bakı.Trend:

Səudiyyə Ərəbistanı yeni logistika marşrutları formalaşdırır və
onların təsiri ölkə sərhədlərindən xeyli kənara çıxır. Azərbaycan
isə bu transformasiyanın növbəti mərhələsinin bir hissəsinə çevrilə
bilər.

Trend xəbər verir
ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq və tarif
siyasəti departamentinin marketinq şöbəsinin rəis müavini Ziya
Məmmədov sosial şəbəkə hesabında yazıb.

“Səudiyyə Ərəbistanı Dəmir Yolları” (Saudi Arabian Railways)
Fars körfəzi limanlarını Qırmızı dənizlə birləşdirən 5 yeni dəmir
yolu logistika marşrutu işə salır ki, bu da avtomobil daşımalarını
azaltmağa və qlobal ticarətin səmərəliliyini artırmağa imkan verir.
Bu, ölkənin Şərqlə Qərb arasında əsas ticarət qovşağı rolunu
gücləndirməyə yönəlmiş “Vision 2030” proqramı çərçivəsində atılmış
strateji addımdır”, – paylaşımda qeyd olunur.

Z. Məmmədov bildirib ki, Körfəz limanlarını daxili sənaye
zonaları, şimal regionları, Qırmızı dəniz və qonşu bazarlarla
birləşdirərək Səudiyyə Ərəbistanı daha sürətli və dayanıqlı
təchizat zəncirləri formalaşdırır.

“Lakin əsas strateji məsələ bu ticarət axınlarının gələcəkdə
hansı istiqamətlərə yönələcəyidir. Bu məqamda Azərbaycan potensial
olaraq mühüm rol oynaya bilər. Orta Dəhlizin əsas qovşaqlarından
biri kimi Azərbaycan Fars körfəzi regionundan Xəzər dənizi,
Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan təbii ‘körpü’
rolunu oynaya bilər. Bakı limanı, Ələt Azad İqtisadi Zonası,
Bakı–Tbilisi–Qars dəmir yolu və TRIPP dəhlizi kimi infrastruktur
aktivləri sayəsində Azərbaycan Körfəz ölkələrinin gələcək logistika
şəbəkələrində mühüm həlqəyə çevrilə bilər”, – deyə o qeyd edib.




Z. Məmmədovun sözlərinə görə, Çin ilə Səudiyyə Ərəbistanı
arasında Orta Dəhliz vasitəsilə multimodal daşımaların inkişafı
perspektivdə region üçün bir sıra strateji üstünlüklər yarada
bilər. “Hörmüz boğazı ilə bağlı artan risklər fonunda alternativ
marşrutların mövcudluğu təchizat zəncirlərinin dayanıqlığını
artırardı. Orta Dəhliz vasitəsilə yük axınları diversifikasiya
oluna, tranzit müddətləri qısala və Azərbaycan daxil olmaqla region
ölkələrinin logistika rolu güclənə bilər. Bu, həmçinin limanlara,
dəmir yollarına, anbar infrastrukturuna və rəqəmsal gömrük
həllərinə investisiyaları stimullaşdırardı”, – deyə o bildirib.

Paylaşımda vurğulanır ki, düzgün koordinasiya olunduğu halda bu,
aşağıdakı nəticələrə gətirib çıxara bilər: Körfəz ilə Avropa
arasında daha sürətli yük marşrutları; neft-kimya və konteyner
yüklərinin yeni axınları; dəhlizlərin daha da şaxələndirilməsi;
regional təchizat zəncirlərinin dayanıqlığının artması.

“Avrasiya logistikasının növbəti mərhələsi bir dəhlizin digərini
əvəz etməsi deyil, onların inteqrasiyası ilə bağlı ola bilər. Bu
sistemdə Səudiyyə Ərəbistanı ilə Azərbaycan gözləniləndən daha
yaxın tərəfdaşlara çevrilə bilər”, – deyə Z. Məmmədov
yekunlaşdırıb.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir