
Bakı. Trend:
Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanov
Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və
səlahiyyətli səfiri Qismət Gözəlovu qəbul edib.
Bu barədə Trend-ə Azərbaycanın Türkmənistandakı Səfirliyindən
məlumat verilib.
Bildirilib ki, səfir Qismət Gözəlov görüş zamanı Quvanc
Ağacanovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik
edib.
Görüşdə Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli
qarşılıqlı səfərlərin və təmasların ikitərəfli əlaqələrin
inkişafında mühüm rolu vurğulanıb.
Tərəflər iki ölkə arasında iqtisadi və enerji, xüsusilə neft-qaz
sahələrində mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə
ediblər. Birgə Hökumətlərarası Komissiyanın ikitərəfli
münasibətlərin möhkəmləndirilməsində və enerji sahəsində
əməkdaşlığın daha da inkişaf etdirilməsində əhəmiyyəti qeyd
olunub.
Eyni zamanda, hər iki ölkənin malik olduğu zəngin enerji
potensialı və resursları nəzərə alınaraq, bu sahədə tərəfdaşlığın
inkişaf etdirilməsi üçün əlverişli imkanlara diqqət çəkilib.
Səfir, həmçinin, Türkmənistanın Çinlə birgə “Qalkınış” qaz
yatağının dördüncü mərhələsinin işlənməsinə başlaması münasibətilə
təbriklərini çatdırıb. Bu xüsusda, SOCAR-ın prezidenti Rövşən
Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkmənistanda səfərdə
olduğu və sözügedən tədbirlərdə iştirak etdiyi qeyd olunub.
Görüşdə Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq
və qardaşlıq münasibətlərinin, xüsusilə enerji sahəsində səmərəli
və praktiki əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin
vacibliyi bir daha vurğulanıb.

