
Bakı. Trend:
Bu ilin 1-ci rübü ərzində vergi orqanlarına 108.117 müraciət
daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8
faiz azdır.
Trend
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən
xəbər verir ki, müraciətlərdən 94,1 faizi ərizə, 5,8 faizi şikayət,
0,1 faizi təkliflərdən ibarət olub.
Daxil olmuş müraciətlərdən 88,6 faizinin baxılması hesabat
dövründə başa çatdırılıb, 11,4 faizi isə hazırda icradadır.
Baxılması başa çatdırılmış müraciətlərin 61,8 faizi həll olunub,
36,6 faizi barədə müvafiq izahat verilib, digərləri ilə bağlı
qanunvericiliyə uyğun tədbirlər görülüb.
Hesabat dövründə baxılmış faktiki şikayətlərdən 1.142-si həll
edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, şəxsi hesab
vərəqələri, sosial sığorta ödənişləri, vergi ödəyicisinin
qeydiyyatı, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə
sanksiyalarının qaytarılması və əvəzləşdırılməsi, vergi borcu və
digər məsələlərlə bağlı olub.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq
vəzifəli şəxslər tərəfindən ümumilikdə 113, o cümlədən şəhid ailəsi
və müharibə iştirakçısı olan 4 vətəndaşın qəbulu təşkil edilib.
Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların
qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.

