
Bakı. Trend:
Bu gün günorta saatlarında paytaxtın Heydər Əliyev prospekti,
mərkəz istiqamətində yerüstü piyada keçidinin bir neçə metrliyində
çoxzolaqlı yolu keçmək istəyən piyadanı minik avtomobili vurub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, qəzada xəsarət alan piyada dərhal minik
avtomobilinə mindirilərək yol polisi əməkdaşının özü sürücü
olmaqla, xəsarət alanın vəziyyəti və yolda yaranan nəqliyyat
sıxlığı nəzərə alınaraq həmin şəxs digər yol polisi əməkdaşlarının
operativ müşayiəti altında “Yeni Klinika”ya çatdırılıb.
“Piyadalara tövsiyə olunur ki, qəzaların baş verməməsi, ölüm və
xəsarət hallarının olmaması üçün piyada keçidlərindən istifadə
etsinlər. Piyadalar diqqətli olmalı və sürücülərin onlara yol
verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər”, – deyə
məlumatda bildirilib.

