Faizlə borc vermək qanunidirmi? – Ali Məhkəmədən açıqlama

Baş səhifə

Bakı. Trend:

Faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk
baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi
risklər yarada bilər. Buna görə də belə əməliyyatlara başlamazdan
əvvəl bəzi vacib məqamları nəzərə almaq tövsiyə olunur.

Bu barədə Trend-ə Ali Məhkəmədən məlumat verilib.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə
əsasən, qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa,
borcverən borcalandan müqavilədə müəyyən edilmiş qaydada və
məbləğdə faiz tələb edə bilər. Yəni faizlə borc vermək prinsip
etibarilə qanunla qadağan olunmur və fiziki şəxslər arasındakı bu
münasibətlərə məişət dilində adətən “sələmçilik” deyilir. Əsas
risklər bu münasibətlərin necə rəsmiləşdirilməsindən
qaynaqlanır.

Praktikada fiziki şəxslər arasında borc münasibətləri çox vaxt
qeyri-rəsmi şəkildə qurulur. Yazılı müqavilə tərtib olunmur və ya
tərtib edilsə belə, əsas şərtlər – borcun məbləği, faiz dərəcəsi,
qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilmir. Bu isə
mübahisə yarandıqda sübutetməni çətinləşdirir.

Bundan əlavə, ödənişlərin nağd şəkildə və sənədsiz aparılması da
ciddi problemlərə səbəb olur. Hər bir ödənişin qəbz, köçürmə sənədi
və ya digər sübutlarla rəsmiləşdirilməsi tərəflərin hüquqlarının
qorunması baxımından vacibdir.




Digər mühüm məqam isə fəaliyyətin xarakteri ilə bağlıdır. Əgər
şəxs davamlı və sistemli şəkildə müxtəlif şəxslərə faizlə borc
verirsə, bu fəaliyyət artıq sahibkarlıq fəaliyyəti kimi
qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən sahibkarlıq
fəaliyyəti dövlət qeydiyyatından keçməklə həyata keçirilməlidir.
Əks halda, belə fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndirilə
və hüquqi məsuliyyət yarada bilər.

Məhkəmə təcrübəsindən görünür ki, borc verən şəxslərin
davranışlarında qanunsuz sahibkarlıq fəaliyyəti və ya digər hüquq
pozuntularının əlamətləri aşkar edildikdə məhkəmələr tərəfindən
xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət
verilməsi üçün prokurorluq orqanlarına göndərilir.

Bu riskləri minimuma endirmək üçün aşağıdakı tövsiyələrə əməl
etmək məqsədəuyğundur:
• borc münasibətlərini mütləq yazılı müqavilə ilə
rəsmiləşdirmək;
• müqavilədə bütün mühüm şərtləri (məbləğ, faiz, müddət, qaytarılma
qaydası və s.) aydın şəkildə göstərmək;
• ödənişləri mümkün qədər bank vasitəsilə həyata keçirmək və ya
digər formada sənədləşdirmək;
• bu fəaliyyət mütəmadi xarakter daşıyırsa, onun hüquqi statusunu
(sahibkarlıq kimi) qanunvericiliyin tələblərinə uyğun düzgün
müəyyən etmək;

Nəticə olaraq, faizlə borc vermək hüquqi baxımdan mümkündür,
lakin bu münasibətlərin düzgün qurulmaması həm maliyyə itkilərinə,
həm də hüquqi məsuliyyətə səbəb ola bilər. Buna görə də belə
əməliyyatlarda ehtiyatlı davranmaq və mümkün hallarda hüquqşünas
məsləhəti almaq tövsiyə olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir