ADA Universitetində 14-cü Karyera Sərgisi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Aprelin 24-də ADA Universitetində ABB-nin baş sponsorluğu,
“Bahar Energy Operating Company”nin aparıcı tərəfdaşlığı və ADA
Universiteti Fondunun (ADAF) təşkilati dəstəyi ilə 14-cü Karyera
Sərgisi keçirilib.

Trend xəbər
verir ki, ümumilikdə 150 şirkətin və 350-dən çox insan resursları
mütəxəssisinin qatıldığı tədbirdə bankçılıqdan texnologiyaya,
energetikadan hüquq və turizmə qədər geniş spektrdə fəaliyyət
göstərən peşəkarlar ADA Universitetinin tələbə və məzunları ilə
birbaşa ünsiyyət qurublar.

Onlar gənclərə mövcud iş və təcrübə imkanları barədə ətraflı
məlumat verməklə yanaşı, həm də potensial namizədlərlə ilkin
müsahibələr aparıblar.




Tədbirin rəsmi hissəsində ADA Universitetinin prorektoru Günay
Ziyadova, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev,
ABB-nin İnsan resursları idarə edilməsi departamentinin direktor
müavini Nurxan Babayev və “Bahar Energy Operating Company”nin İnsan
Resursları departamentinin direktoru Orxan Əliyev çıxış edərək bu
platformanın gənc istedadların yetişməsindəki rolunu
vurğulayıblar.

Sərgi həm də “Karyera Hazırlığı Həftəsi”nin yekun akkordu kimi
yadda qalıb. Bağlanış mərasimində xüsusi seçim mərhələlərindən
uğurla keçmiş 170-dən çox tələbənin adı açıqlanaraq onlara nüfuzlu
şirkətlərdə yay təcrübəsi imkanları təqdim olunub. Qeyd edilən
tələbələr həftə ərzində maliyyə, audit, informasiya texnologiyaları
və konsaltinq kimi sahələrdə fəaliyyət göstərən 23 yerli və
beynəlxalq müəssisənin peşəkarlarından dərs alıblar. Onlar
müsahibələrə hazırlıq, şəxsi brendin qurulması və korporativ
təqdimatlar mövzusunda həm nəzəri, həm də praktiki biliklərə
yiyələnərək əmək bazarına ilk addımlarını atıblar.

Universitetin Karyera Xidmətləri şöbəsinin təşkilatçılığı ilə
baş tutan bu genişmiqyaslı layihədə ümumilikdə iki mindən çox
ADA-lı iştirak edib. Bu təşəbbüs gənclərə peşəkar əlaqələrini
genişləndirmək və əmək bazarının müasir tələbləri ilə yaxından
tanış olaraq gələcək karyeralarını inamla planlaşdırmaq üçün
əvəzolunmaz imkan yaradıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir