
Bakı. Trend:
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatına
yekun vurulub.
Trend-in
məlumatına görə, yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst
güləş üzrə yığmamız Avropanın zirvəsini fəth edib. 3 qızıl, 2 gümüş
və 1 bürünc medal qazanan komandamız 152 xal toplayaraq 6-cı dəfə
Avropa çempionu olub. Millimiz 2-ci yeri tutan Gürcüstanı 58 xal
qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.
Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023
və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.
Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən
yaxşı nəticəsinə imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal
2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı
göstəricimizdir.
Xatırladaq ki, Tiranada İslam Bazarqanov (57 kiloqram), Ali
Tsokayev (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram)
Avropa çempionu olub. Turan Bayramov (74 kiloqram) və Arseni Cioyev
(86 kiloqram) gümüş, Cəbrayıl Hacıyev (79 kiloqram) isə bürünc
medal qazanıb.
Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm
yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa
çempionu olaraq qızıl dubla imza atıb.

