
Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin Azad və Xüsusi İqtisadi Zonalar üzrə
Gömrük İdarəsi haqqında Əsasnamə təsdiqlənib.
Trend-in əldə
etdiyi məlumata görə, Əsasnaməda Azad və Xüsusi İqtisadi Zonalar
üzrə Gömrük İdarəsi Dövlət Gömrük Komitəsinin strukturuna daxil
olan ixtisaslaşdırılmış gömrük idarəsi kimi göstərilib.
İdarə qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlət
əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə,
müvafiq ştamplara və blanklara malikdir.
İdarə fəaliyyətini Komitə Aparatının struktur bölmələri,
Komitənin strukturuna daxil olan gömrük orqanları və tabeliyində
olan digər qurumlar, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı
əlaqədə həyata keçirəcək.
İdarənin fəaliyyət istiqamətləri aşağıdakılar
olacaq:
- gömrük işi sahəsində vahid dövlət siyasətinin
formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata
keçirilməsini təmin etmək; - azad və xüsusi iqtisadi zonalarda gömrük nəzarətini və gömrük
rəsmiləşdirilməsini həyata keçirmək; - gömrük işi sahəsində hüquq-mühafizə fəaliyyətini həyata
keçirmək; - qanunvericiliyə uyğun olaraq gömrük ödənişlərinin alınmasını
təmin etmək; - qanunvericiliklə müəyyən edilmiş digər fəaliyyət
istiqamətlərini həyata keçirmək.

