
Bakı. Trend:
Almaniyada doğum göstəriciləri azalmaqda davam edir.
Trend xəbər verir ki, Federal
Statistika İdarəsinin hesabatına əsasən, ötən il ölkədə 654 min 300
uşaq dünyaya gəlib. Bu, 2024-cü illə müqayisədə 3,4 faiz azdır.
Bununla da, doğum sayı ardıcıl dördüncü ildir azalaraq 1946-cı
ildən bəri ən aşağı səviyyəyə düşüb. Ötən il ölənlərin sayı isə
təxminən 1,01 milyon nəfər təşkil edib ki, bu da doğumları 352 min
üstələyir. Bu göstərici müharibədən sonrakı dövrdə ən böyük doğum
çatışmazlığı kimi qiymətləndirilir.
Azalma tendensiyası iki əsas amillə – 1990-cı illərdə doğulmuş
sayca az olan nəsillərin reproduktiv yaşa daxil olması və 2022-ci
ildən etibarən ümumi doğum əmsalının aşağı düşməsi ilə izah
olunur.
Doğumların azalması şərq əyalətlərində daha çox olub. Mənfi
tendensiya ölkənin şərqində 4,5, qərb əyalətlərində isə nisbətən az
– 3,2 faiz olub. Əyalətlər arasında ancaq Hamburqda artım qeydə
alınıb – 0,5 faiz. Ən böyük azalma isə Meklenburq-Ön Pomeraniyada
(-8,4 faiz) müşahidə olunub.

