
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyə Sisteminin
Yaşıllaşdırılması Üzrə Mərkəzi Banklar və Nəzarət Qurumları
Şəbəkəsinə (NGFS – Network of Central Banks and Supervisors for
Greening the Financial System) tamhüquqlu üzv kimi qəbul
olunub.
Trend bu
barədə AMB-yə istinadən xəbər verir.
Mərkəzi Bank şəbəkənin tamhüquqlu üzvü kimi işçi qruplarının
fəaliyyətində iştirak edəcək, iqlim ssenarisi təhlili, yaşıl
maliyyə, iqlim stres-testləri, eləcə də dayanıqlılıq amillərinin
pul siyasəti və prudensial nəzarət çərçivələrinə inteqrasiyası
sahələrində kollektiv tədqiqatlara həm töhfə verəcək, həm də
onlardan faydalanacaq.
Mərkəzi Bankın bu şəbəkəyə qoşulması onun dayanıqlı maliyyə
gündəliyinin, o cümlədən Yaşıl taksonomiyanın tətbiqi, yaşıl
istiqraz bazarının formalaşdırılması və maliyyə sektorunda iqlim
riskləri ilə bağlı açıqlamalarının tətbiqinin dərinləşdirilməsini
şərtləndirəcəkdir. Mərkəzi Bankın Dayanıqlı Maliyyə üzrə Yol
Xəritəsinin icrası istiqamətində əsas təşəbbüslərdən biri olan bu
üzvlük həm də Azərbaycanın Paris İqlim Sazişi çərçivəsindəki milli
öhdəlikləri və iqtisadiyyatın yaşıl, dayanıqlı inkişaf
istiqamətində transformasiyası üzrə siyasəti ilə də uzlaşır.
Qeyd edək ki, NGFS dünyanın müxtəlif ölkələrindən mərkəzi
bankları və nəzarət orqanlarını bir araya gətirərək maliyyə
sektorunda ətraf mühit və iqlim risklərinin idarə olunmasının
inkişafına töhfə vermək, bu sahədə qabaqcıl təcrübələrin
paylaşılmasını təşviq etmək və dayanıqlı iqtisadiyyata keçidi
dəstəkləmək üçün maliyyə axınlarının səfərbər olunmasını hədəfləyən
qlobal şəbəkədir.
Mərkəzi Bank bundan sonra da beynəlxalq maliyyə institutları ilə
əməkdaşlığı inkişaf etdirərək qlobal çağırışlara uyğun siyasətlərin
formalaşdırılmasını davam etdirəcək.

