
Bakı. Trend:
Azərbaycanla İtaliya arasında enerji əməkdaşlığının strateji
əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə
çıxıb.
Trend xəbər verir
ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi Elçin Əmirbəyov “Formiche.net” nəşrinə müsahibəsində
bildirib.
Elçin Əmirbəyov bildirib ki, geosiyasi qeyri-sabitlik dövründə
əsas məsələ təkcə enerji məhsullarına əlçatanlıq deyil, həm də
təchizat marşrutlarının etibarlılığı və təhlükəsizliyidir:
“Bu baxımdan Azərbaycan uzun müddətdir İtaliya üçün etibarlı
tərəfdaş kimi özünü sübut edib. 2025-ci ildə Azərbaycan TAP
vasitəsilə İtaliyaya 9,5 milyard kubmetr qaz tədarük edib və bu,
İtaliyanın ümumi qaz idxalının təxminən 16 faizini təşkil edib.
TAP-ın fəaliyyətə başlamasından etibarən İtaliyaya 42 milyard
kubmetrdən çox Azərbaycan qazı çatdırılıb. Bu, TAP-ın təkcə
kommersiya uğuru deyil, həm də İtaliyanın enerji dayanıqlığının
strateji sütunu olduğunu göstərir”.
E.Əmirbəyov eyni zamanda bu tərəfdaşlığın yalnız ikitərəfli
səviyyədə əhəmiyyətli olmadığını söyləyib:
“Azərbaycan bu gün ümumilikdə Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayır. 2025-ci ildə Azərbaycan Avropa İttifaqına üzv
dövlətlərə 12,5 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da
2021-ci illə müqayisədə 53,8 faiz çoxdur. Bu, Cənub Qaz Dəhlizinin
artıq Avropa üçün əsas şaxələndirmə marşrutlarından birinə
çevrildiyini göstərir. Xüsusilə qitənin etibarlı alternativlər və
təhlükəsiz quru təchizat kanalları axtardığı bir dövrdə bu amil
xüsusi əhəmiyyət daşıyır. Hörmüz ətrafında son gərginliklər bir
daha hamıya xatırlatdı ki, qlobal enerji bazarları geosiyasi
şoklara qarşı nə qədər həssasdır. Bu kontekstdə Azərbaycanın rolu
daha böyük dəyər qazanır. Buna görə də, bəli, Hörmüz böhranından
sonra Azərbaycan ilə İtaliya arasında enerji əlaqələri təkcə iki
ölkə üçün deyil, bütövlükdə Avropa üçün də daha aktual əhəmiyyət
kəsb edir”.
Onun sözlərinə görə, qaz kəmərinin ikiqat artırılması prinsip
etibarilə mümkündür:
“Ən əsası isə bu, yeni ideya deyil. Avropa Komissiyasının
Prezidenti Ursula fon der Lyayen 2022-ci ilin iyulunda Bakıya səfər
edərkən, Avropa İttifaqı və Azərbaycan enerji sahəsində strateji
tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu sənədin məqsədi
Cənub Qaz Dəhlizi infrastrukturunun genişləndirilməsi və beləliklə
də 2027-ci ilə qədər Azərbaycan qazının Avropa İttifaqı ölkələrinə
ixracının ikiqat artırılaraq, ildə 10 milyard kubmetrdən 20 milyard
kubmetrə çatdırılmasıdır. Bu proses artıq başlayıb və biz həmin
hədəfə doğru irəliləyirik. TAP-ın genişləndirilməsi istiqamətində
birinci mərhələsi 2026-cı ilin yanvarında istismara verilib və bu,
Avropaya illik 1,2 milyard kubmetr əlavə ötürmə gücü qazandırıb. Bu
əlavə həcmin 1 milyard kubmetri İtaliyaya yönləndirilir. Bu,
dəhlizin statik olmadığını, əksinə, Avropanın enerji ehtiyaclarına
cavab olaraq davamlı inkişaf etdiyini göstərir.
Eyni zamanda, daha çox iş görmək üçün aydın potensial mövcuddur.
Azərbaycan Avropaya qaz tədarükünü artırmağa hazır olduğunu
dəfələrlə bəyan edib. Lakin bunun üçün Cənub Qaz Dəhlizinin
infrastrukturunun daha da genişləndirilməsi tələb olunur. Bu isə
hasilatın və qaz kəmərinin ötürücülük qabiliyyətinin artırılması
məqsədilə yeni investisiyaların cəlb edilməsini zəruri edir.
Hazırkı geosiyasi qeyri-müəyyənlik şəraitində bu ötürmə gücünün
genişləndirilməsi getdikcə daha çox Avropanın strateji maraqlarına
cavab verir. Burada maliyyələşmə həlledici əhəmiyyət daşıyır.
Avropa enerji təchizatı mənbələrini şaxələndirmək istiqamətində
səylərini davam etdirərkən, müvafiq Avropa İttifaqı institutları
zəruri investisiyalar üçün maliyyə şəraitinin yaradılmasına mühüm
töhfə verə bilər”.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi
qeyd edib ki, TAP strateji infrastrukturdur və Cənub Qaz Dəhlizi
vasitəsilə Azərbaycan qazı Avropa üçün daha şaxələndirilmiş və
etibarlı enerji təchizatına töhfə verir:
“Xüsusilə İtaliya üçün bu mühümdür, çünki ölkə təkcə istehlak
bazarı deyil, həm də Avropa ilə Aralıq dənizi arasında əsas enerji
qovşaqlarından biridir. İtaliyanın enerji siyasəti nə qədər
dayanıqlı olarsa, onun ümumilikdə regional sabitliyə, o cümlədən
Cənub-Şərqi Avropa və Aralıq dənizi hövzəsində sabitliyə töhfə
vermək imkanları da bir o qədər artar. TAP artıq Yunanıstanı,
Albaniyanı və İtaliyanı birləşdirir, Cənub Qaz Dəhlizi isə
interkonnektorlar vasitəsilə Avropadakı əhatə dairəsini daha da
genişləndirir. Bir neçə ay əvvəl Avstriya və Almaniyanın da
alıcılar sırasına qoşulması ilə Azərbaycan qazı artıq 10 Avropa
İttifaqı ölkəsinə çatdırılır ki, bu da öz növbəsində Azərbaycanın
regiondakı sabitliyə töhfəsi kimi qiymətləndirilə bilər. Burada
daha geniş geosiyasi aspekt də mövcuddur. TAP sabitliyi təkcə daha
həssas təchizat marşrutlarından asılılığı azaltmaqla deyil, həm də
istehsalçı, tranzit və istehlakçı ölkələr arasında uzunmüddətli
qarşılıqlı asılılıq yaratmaqla möhkəmləndirir. Buna görə də onun
Avro-Aralıq dənizi sabitliyinə təsiri yalnız enerji təchizatı ilə
məhdudlaşmır; o, dayanıqlı, qarşılıqlı asılılığı təmin edən və
təhlükəsiz regional mühit yaradır”.

