
Bakı. Trend:
İrandakı münaqişə səbəbindən Hörmüz boğazında yaranan fasilələr
lüks avtomobillərin mühərrikləri üçün mühüm əhəmiyyət daşıyan
sintetik baza yağı ehtiyatlarını tükənmə həddinə çatdırıb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Belə ki, Beynəlxalq Enerji Agentliyinin “tarixin ən böyük enerji
təhlükəsizliyi təhdidi” kimi qiymətləndirdiyi Hörmüz boğazındakı
gərginlik, xam nefti aşaraq avtomobil sektoruna da təsir edib.
Xüsusilə idman və lüks avtomobillərin mühərriklərində istifadə
olunan yüksək performanslı sintetik yağların xammalı olan “Qrup
III” baza yağlarında qlobal qıtlıq yaranıb. Qlobal istehsalın 20
faizini təmin edən Körfəz bölgəsində istehsalın dayanması və
daşımaların pozulması ehtiyatların bir ay ərzində tükənə biləcəyi
ilə bağlı xəbərdarlıqlara səbəb olub.
Şimali Avropada baza yağlarının qiymətləri müharibə başlayandan
bəri demək olar ki, 100 faiz artaraq tarixi maksimuma çatıb. Sektor
analitikləri bildirirlər ki, “Shell”in Qətərdəki obyektlərinin
raket hücumları nəticəsində zədələnməsi və Cənubi Koreyanın ixraca
məhdudiyyətlər tətbiq etməsi tədarük zəncirini qırılma nöqtəsinə
gətirib.

