
Bakı.Trend:
Yaz fəslinin ortaları olmasına baxmayaraq, Azərbaycan ərazisində
müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə yağışlı və
küləkli günlərin davam etməsi əhali arasında istilik tələbatını
yenidən aktuallaşdırıb. Bir çox mənzillərdə istilik cihazlarının
hələ də istifadədə qalması mövcud vəziyyətin aktuallığını göstərir.
Bu fonda mərkəzləşdirilmiş istilik sistemlərinin yenidən işə
salınıb-salınmayacağı məsələsi gündəmə gəlib.
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC Trend-in sorğusuna cavab
olaraq bildirib ki, istilik sistemlərinin yenidən işə salınması
yalnız kəskin və şaxtalı hava şəraiti müşahidə olunduğu hallarda
mümkündür.
Qurumdan qeyd olunub ki, ötən il ölkədə hava şəraiti ilə
əlaqədar istilik mövsümü uzadılmışdı. Lakin cari ildə müşahidə
olunan sərin hava şəraitinə baxmayaraq, şaxtalı günlərin qeydə
alınmaması səbəbindən istilik mövsümünün müddəti artırılmayıb.
Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi ilə birgə aparılan müzakirələr
çərçivəsində istilik mövsümünün müddətinin optimallaşdırılması
istiqamətində təkliflər hazırlanır. Çoxillik meteoroloji
göstəricilər nəzərə alınmaqla, gələcək illərdə istilik mövsümünün
daha erkən başlanması və ya daha gec başa çatması ilə bağlı
dəyişikliklərin edilməsi istisna edilmir.

