
Bakı.Trend:
Yollarda edilən tələskənlik qəzalara səbəb olur.
Sadəcə 1-2 saniyə gözləsəydilər, bu qəza da baş verməyə bilərdi.
Yol-nəqliyyat hadisələrinin baş verməsi bəzən bəzi sürücülərin
yollarda tələskənliyi səbəbindən olur. Xüsusilə də svetoforun yaşıl
işıq siqnalı tam yanmadan, həmçinin qırmızı işıq siqnalının
yanmasına saniyələr qalmış sarı işıq siqnalında hərəkətə başlamaq
qəzanın baş verməsi ilə nəticələnir.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzinin sürücülərə müraciətində deyilir.
“Belə sürücülərə bir daha xatırladırıq ki, svetoforun qırmızı
rəngli işığının yanması və ya yanıb-sönməsi siqnalı hərəkəti
qadağan edir. Bundan əlavə, sarı rəngli işığın yanması hərəkəti
qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir.
Hərəkət etmək üçün isə yaşıl rəngli işıq siqnalını gözləmək
lazımdır.
Unutmayaq ki, svetoforun siqnallarına riayət etmək “Yol hərəkəti
haqqında” Qanunun 60-cı maddəsi ilə məcburidir”.

