Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Mayın 4-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə
səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin
Çunqonqla görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Qonağı növbəti dəfə Azərbaycanda görməkdən məmnunluğunu bildirən
spiker Sahibə Qafarova PAİ-nin Milli Məclislə uğurlu əməkdaşlıq
etdiyini, xüsusilə 2021-ci ildən etibarən Azərbaycan parlamenti
deputatlarının PAİ-də daha da fəallaşdıqlarını və bu qurumda rəhbər
vəzifələrdə təmsil olunduqlarını diqqətə çatdırıb.

Spiker Milli Məclisin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi
ilə əməkdaşlığından və Baş katib Martin Çunqonqun bu əməkdaşlığa
dəstək verməsindən razılıqla danışıb.

Spiker həm qarşılıqlı əməkdaşlığın inkişafı baxımdan, həm də
Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşlərinin
təşkilində göstərdiyi səylərə görə PAİ-nin Baş katibinə
minnətdarlığını bildirib.

Bu görüşlərin xalqlar arasında etimadın qurulması prosesinə
parlamentlərin töhfəsi olduğunu qeyd edən spiker Sahibə Qafarova
Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra
tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına və
bunun da parlamentlər arasında əməkdaşlıq üçün daha geniş imkan
yaradacağına inamını ifadə edib.

PAİ-nin insanların bir-birini dinləyə biləcəyi və dialoq qurduğu
çox mühüm bir platforma olduğunu deyən Milli Məclisin sədri
Prezident İlham Əliyevin PAİ ilə əlaqələrin inkişafına verdiyi
dəstəyin və göstərdiyi diqqətin mühüm əhəmiyyət daşıdığını
vurğulayıb.

Xoş sözlər üçün təşəkkürünü bildirən PAİ-nin Baş katibi Martin
Çunqonq onun bu quruma rəhbərlik etdiyi dövrdə PAİ-Azərbaycan
əlaqələrinin transformasiya olunduğunu diqqətə çatdırıb.

Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan PAİ ilə əlaqələrin inkişaf etdirilməsinə həmişə sadiq
olub. O, deyib ki, bu gün Azərbaycan bu qurumda öz fəaliyyəti ilə
diqqəti cəlb edir. Baş katib Azərbaycanın PAİ-nin tədbirlərində
fəal iştirak etdiyini, Milli Məclisin nümayəndələrinin rəhbər
vəzifələrdə təmsil olunduğunu, tərəflər arasında uğurlu
əməkdaşlığın mövcud olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycan
Milli Məclisi sədrinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə
rəhbərliyi həm Şəbəkənin inkişafı, həm də onun PAİ ilə əlaqələrinin
inkişafında böyük rol oynayıb.

Qeyd olunub ki, iki ölkə arasında sülh prosesi çərçivəsində
Azərbaycan və Ermənistan parlamentləri arasında dialoqun
yaradılmasına nail olunması PAİ-nin əsas məqsədi olan sülhə xidmət
edir. Qonaq Prezident İlham Əliyevin PAİ ilə əməkdaşlığa verdiyi
mühüm dəstəyə görə təşəkkürünü bildirib və diqqətə çatdırıb ki,
onun bu səfəri Azərbaycanın bu quruma etimadının və inamının bir
göstəricisidir.

Söhbət zamanı Baş katib Azərbaycanda COP29 çərçivəsində
keçirilmiş Parlament konfransında əldə edilmiş uğurları yüksək
qiymətləndirib. Bildirib ki, bu uğurlar sayəsində bütün dünya
parlamentlərin səfərbərlik gücünün şahidi oldu.

Görüşün sonunda parlamentlər arasında konstruktiv dialoqun və
səmərəli əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə, Azərbaycan
Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq
arasında ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsinə və
genişlənməsinə verdiyi töhfələrə görə PAİ-nin Baş katibi Martin
Çunqonq Milli Məclisin Fəxri Medalı ilə təltif edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir