
Bakı.Trend:
Azərbaycan kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlara
ixracı üzrə uzun illər formalaşmış təcrübəyə malikdir və bu
istiqamətdə inkişafın daha yüksək mərhələyə daşınması strateji
hədəf kimi müəyyən edilib.
Trend xəbər
verir ki, bu barədə V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində
keçirilən ictimai dinləmədə Azərbaycan Respublikasının İxracın və
İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru
Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, aqroərzaq sektorunun dayanıqlı inkişafı
üçün istehsaldan emala, qablaşdırmadan ixraca qədər bütün
mərhələləri əhatə edən inteqrasiya olunmuş yanaşma xüsusi əhəmiyyət
daşıyır. Hazırda bu istiqamətdə bir sıra konkret investisiya
layihələri üzərində iş aparılır.
Y.Abdullayev qeyd edib ki, Avstriya mənşəli şirkətlə
Azərbaycanda tomat pastası və ketçup istehsalının lokallaşdırılması
üzrə danışıqlar davam etdirilir. Eyni zamanda Birləşmiş Ərəb
Əmirlikləri və Hindistandan olan investorlarla pambıqçılıq
sahəsində əməkdaşlıq müzakirə olunur. Bu model xammal istehsalı ilə
yanaşı, pambığın tekstil sənayesində emalını da əhatə edən tam
inteqrasiya olunmuş klaster yanaşmasına əsaslanır.
Onun sözlərinə görə, İsveçrənin “ASKE” şirkəti Azərbaycanda
qeyri-ənənəvi aqrar biznes sahəsində fəaliyyət göstərir və Ağstafa
daxil olmaqla bir sıra regionlarda qulançar və yerfındığı istehsalı
təşkil edib. Məhsullar qısa müddətdə yerli pərakəndə satış
şəbəkələrinə çıxarılıb.
Şirkət tərəfindən genişmiqyaslı yerfındığı plantasiyalarının
yaradılması, fermerlərin prosesə cəlb olunması və illik 100 min ton
emal gücünə malik zavodun qurulması planlaşdırılır. Bu təşəbbüs
istehsaldan emala qədər dəyər zəncirinin formalaşdırılmasına və
ixracyönümlü istehsalın genişləndirilməsinə xidmət edir.
AZPROMO rəsmisi əlavə edib ki, xarici investorların cəlb
olunması ilə yanaşı, onların layihələrinin icrası və uzunmüddətli
inkişafı üçün vahid pəncərə prinsipi əsasında dəstək göstərilir,
dövlət qurumları ilə koordinasiya təmin edilir və sonrakı mərhələdə
müşayiət xidməti həyata keçirilir.

