
Bakı. Trend:
Bu ilin yanvar – aprel ayları ərzində İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 6 milyard
manatdan çox vergi daxil olub ki, bu da proqnozdan 129 milyon manat
çoxdur.
Trend bu
barədə dövlət xidmətinə istinadən xəbər verir.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 5 milyard 360,3
milyon manatdan çox təşkil edib və büdcəyə proqnozdan əlavə 108,3
milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən
bu sektordan daxilolmalar 412,3 milyon manat və ya 8,3 faiz
artıb.
2026-cı ilin yanvar – aprel aylarında məcburi dövlət sosial
sığorta haqları üzrə daxilolmalar 2 milyard 210,6 milyon manatdan
çox olub, proqnozdan əlavə 117,9 mln. manatdan çox vəsait ödənilib.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 1 milyard 485,5 milyon
manata yaxın təşkil edib.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 78,5
milyon manata yaxın olub, proqnozdan əlavə 3,3 milyon manata yaxın
vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 61,3
milyon manatı ötüb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 339,8
milyon manatdan çox olub, proqnozdan əlavə 9,9 milyon manata yaxın
vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 229,1
milyon manatdan çox olub.

