
Bakı. Trend:
Mayın 6-da Konstitusiya Məhkəməsində Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə
həsr edilmiş “İnsan hüquq və azadlıqlarının qorunması üçün milli
mexanizmlərin effektivliyi: Konstitusiya hüquq sisteminin əsası
kimi” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə Trend-ə Konstitusiya Məhkəməsindən məlumat
verilib.
Bildirilib ki, tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil
(Ombudsman) Səbinə Əliyeva, Hüquqi Ekspertiza və Qanunvericilik
Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Hüquq və
İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə
iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən sədr Fərhad Abdullayev müasir
Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Ulu Öndər Heydər
Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq
missiyasından bəhs edib. Ümummilli Liderin müstəqilliyin
bərpasından sonra xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıtmasının dövlətçiliyimizi ciddi təhlükələrdən xilas etdiyini,
ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında
əsaslı dönüşün yarandığını, həyata keçirdiyi strateji siyasətin bu
gün də respublikamızın inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib.
Sədr Fərhad Abdullayev Azərbaycançılıq ideyasının müasir
dövrümüzdə yaradıcısı kimi görkəmli siyasətçi Heydər Əliyevin
Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi
naminə mühüm işlər həyata keçirdiyini, məhz onun rəhbərliyi ilə
hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməli qoyularaq
inkişaf etdirildiyini vurğulayıb.
Dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin,
siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev qeyd edib
ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilən
Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi
dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin
müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar açıb.
Konstitusiya nəzarəti orqanı kimi Konstitusiya Məhkəməsinin
fəaliyyətə başlaması, eyni zamanda bu orqanın müstəqilliyinin təmin
edilməsi və ümumilikdə konstitusionalizm ideyalarının inkişaf
etdirilməsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə
bağlıdır.
Vurğulanıb ki, bu gün Ulu Öndərin xalqımızın azadlığının,
müstəqilliyinin qorunmasına yönələn müqəddəs ideyaları onun layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir.
Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti
sayəsində bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanın dünyada
nüfuzlu dövlətlər sırasında yer alması, ölkənin və xalqın mənafeyi
naminə həyata keçirilən layihələr və geniş quruculuq işləri Heydər
Əliyev siyasi irsinin davamıdır.
Sədr diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev layiqli
davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyəti respublikamızı
bugünkü qüdrətinə çatdırıb, Azərbaycan tarixi zəfər nəticəsində
suverenleyini və ərazi bütövlüyünü bərpa edib. Prezident, Ali Baş
Komandan İlham Əliyevin sərkərdəlik məharəti, strateji və
diplomatik addımları, yenilməz Azərbaycan Ordusunun gücü və xalqın
birliyi sayəsində əldə olunan Qələbə regionda yeni reallıqlar
yaradıb, Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş
torpaqlarımızda bərpa olunub, bununla da, həmin ərazilərdə
vətəndaşların konstitusiya hüquqlarının bərpası təmin edilib.
Tədbirdə çıxış edən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)
Səbinə Əliyeva Ümummilli Lider Heydər Əliyevin ölkəmizi müxtəlif
tarixi mərhələlərdə qlobal miqyaslı siyasi lider kimi uğurla idarə
etdiyini, dahi şəxsiyyətin müdrikliyinin, milli maraqlara
sadiqliyinin və siyasi iradəsinin xalqımız tərəfindən daim
ehtiramla yad edildiyini bildirib. Azərbaycanda Ombudsman
institutunun yaradılmasında Ümummilli Lider Heydər Əliyevin
müstəsna rolundan danışan Səbinə Əliyeva vurğulayıb ki, demokratik,
hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və
azadlıqlarının qorunması, müstəqil, məhkəmədənkənar hüquq müdafiə
mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması bilavasitə
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsüdür.
Ombudsman bildirib ki, bu gün ölkə başçısının rəhbərliyi ilə
respublikamızda aparılan məhkəmə-hüquq islahatları Ümummilli Lider
Heydər Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun
və Konstitusiyanın aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi
cəmiyyətin inkişafına xidmət edir.
Daha sonra Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri
Mərkəzinin icraçı direktoru Samir Mahmudov çıxışında qeyd edib ki,
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə
atılmış strateji addımlar, əsası qoyulan güclü sosial, mədəni,
iqtisadi və intellektual sərmayələr xalqın rifahı üçün zəmin
yaradıb. Dərin təfəkkürə sahib olan Ümummilli Lider Heydər Əliyev
düşünülmüş və cəsarətli qərarları ilə bütün dövrlərdə xalqımızın
zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq
münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol
oynayıb. Samir Mahmudov insan hüquqlarının təmin edilməsi,
müdafiəsinin gücləndirilməsi və digər sahələrdə Ümummilli Lider
Heydər Əliyevin həyata keçirdiyi islahatların bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla və sistemli şəkildə davam
etdirildiyini vurğulayıb.
Tədbirdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, eləcə
də Hüquq və İnsan Haqları İnstitutunun nümayəndələri, Konstitusiya
Məhkəməsi və Ombudsman Aparatının məsul şəxsləri müxtəlif hüquqi
mövzular üzrə məruzələrlə çıxış ediblər, geniş fikir mübadiləsi
aparılıb.
Dəyirmi masaya yekun vuran Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayev qeyd edib ki, bu gün xalqını mürəkkəb tarixi
sınaqlardan uğurla çıxaran Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi
hər birimiz tərəfindən dərin hörmət və ehtiramla anılır. Müstəqil
Azərbaycan Ümumilli Lider tərəfindən indiki və gələcək nəsillərə
olan əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli
sərvətidir. Bu gün hər bir Azərbaycan vətəndaşı görkəmli siyasi
xadim Heydər Əliyevin bizə müqəddəs miras qoyduğu müstəqil,
demokratik dövləti qoruyub saxlamağı şərəfli vəzifə hesab edir.
Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin parlaq gələcəyinə
hesablanmış uğurlu siyasəti zamanın tələblərinə uyğun olaraq bu gün
onun siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla
davam etdirilir. Konstitusiya Məhkəməsi də öz növbəsində gələcək
fəaliyyəti ilə hüquqi dövlətçiliyimizin inkişafına töhfə verməyə
daim çalışacaq.

