
Bakı. Trend:
Mayın 6-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin
cavab oyunları çərçivəsində keçirilən “Bayern Münhen” – PSJ
qarşılaşmasının yayımı texniki səbəblərdən mümkün olmayıb.
Trend xəbər
verir ki, bu barədə matçın ölkəmizdə yayım hüququna sahib “CBC
Sport” telekanalının dərc etdiyi açıqlamada bildirilib.
Bildirilib ki, gün ərzində yayım prosesi ilə bağlı aparılan
ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın
başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq
yaranıb:
“Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması
üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan
qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq
dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam
edən səylərinə baxmayaraq yayımı bərpa etmək mümkün olmayıb.
Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk
edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün
futbolsevərlərdən üzr istəyirik.
İdmansevərlərin anlayışına ümid edir və belə halların bir daha
təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını
bildiririk”.
xxx
10:15
Bakı. Trend:
Ötən gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab
oyunları baş tutub. Münhen “Bayern”i Almaniyada Parisin PSJ klubunu
qəbul edib.
Azərbaycanda da maraqla gözlənilən oyunun ölkəmizdəki yayımı baş
tutmayıb.
Məsələ ilə bağlı matçın ölkəmizdəki yayım hüququna sahib olan
“CBC Sport” telekanalının Xəbərlər və sosial media xidmətinin
direktoru Şəmsəddin Abbasov Trend-ə açıqlama verib.
Kanal rəsmisi bildirib ki, problem texniki nasazlıqdan
qaynaqlanıb.
“Avadanlıqdır, yandı, bizim əməkdaşlar sonadək düzəltməyə
çalışdılar, lap yarımçıq da olsa, yayıma girmək istəyirdik, lakin
heç nəyi düzəldə bilmədik, məsələ belə qaldı. Tamaşaçılarımızdan
üzr istəyirik. İnanırıq ki, bundan sonra bir daha belə hadisə
təkrarlanmaz”, – deyə o bildirib.
Məlumat üçün bildirək ki, UEFA Çempionlar Liqasının bir sıra
oyunları İctimai Televiziyada da yayımlanır. İTV-dən sözügedən
oyunun ölkəmizdə yayımlanmaması məsələsinin kanalla heç bir
əlaqəsinin olmadığını bildirilib.
“UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən
bölgüsünə əsasən, mərhələnin “Arsenal” və “Atletiko Madrid”
komandaları arasında keçirilən hər iki oyunun İctimai Televiziyanın
efirində yayımlanması razılaşdırılıb. Hər iki oyun canlı yayımda
tamaşaçılara təqdim olunub.
“Bayern” və PSJ komandaları arasında keçirilən digər yarımfinal
oyunlarının yayım hüququ isə İctimai Televiziyaya məxsus deyil.
Oyunun yayımı ilə bağlı yaranan problemə görə İctimai Televiziya
məsuliyyət daşımır”, – deyə açıqlamada qeyd edilib.

