
Bakı.Trend
“MV Hondius” kruiz gəmisinin sərnişinlərindən daha birində –
sayca 3-cü Britaniya vətəndaşında hantavirus aşkarlanıb.
Trend bu barədə
Britaniya KİV-ə istinadən xəbər verir.
Hazırda həmin şəxs gəminin aprelin ortalarından bəri yan aldığı
Atlantik okeanındakı ucqar Tristan-da-Kunya adasındadır.
Bundan əvvəl başqa iki britaniyalı kişidə hantavirus təsdiqlənib
– onlardan biri çərşənbə günü gəmidən təxliyə edildikdən sonra
Niderlandda stabil vəziyyətdə qalır, digəri isə ötən ay Cənubi
Afrikaya aparıldıqdan sonra reanimasiya şöbəsində müalicə
olunur.
“MV Hondius” gəmisinin həftəsonu Kanar adalarına yan alacağı
gözlənilir. Hökumət təsdiqləyib ki, kruiz gəmisində qalan Britaniya
vətəndaşlarını və ekipaj üzvlərini Böyük Britaniyaya qaytarmaq üçün
orada sifariş edilmiş xüsusi təyyarə hazır olacaq.
Yoluxmanın mənbəyi hələlik məlum deyil. Habelə kruiz gəmisinin
sərnişinləri və heyət üzvlərindən başqa, kimlərinsə
yoluxub-yoluxmadığı məlum deyil.
Ölən üç nəfərdən biri 69 yaşlı niderlandlı qadın olub. O, “MV
Hondius” gəmisinin 24 aprel tarixində Müqəddəs Yelena adasında
dayanması zamanı gəmini tərk edərək Cənubi Afrikaya yollanıb və iki
gün sonra orada vəfat edib. Qadının həyat yoldaşı isə aprelin 11-də
gəmidə ölüb. Həmçinin bir alman qadın da gəmidə həyatını
itirib.
Hantavirus adətən siçan və siçovul kimi gəmiricilər vasitəsilə
yayılır. Lakin mütəxəssislər hesab edirlər ki, bu halda virus yaxın
təmasda olan insanlar arasında da keçə bilər.Xəstəliyin
simptomlarına qızdırma, halsızlıq, kəskin qarın ağrısı, qusma və
tənəffüsün çətinləşməsi daxildir. Bu əlamətlər adətən virusa məruz
qaldıqdan iki-dörd həftə sonra ortaya çıxır.

