
Bakı. Trend:
Hazırda D4 yaşayış massivində tikinti işləri davam edir. D4
massivi 12 bina və 212 mənzildən ibarətdir. Ərazidə dəmir-beton,
xarici və daxili divarların hörgü işləri, həmçinin dam örtüyünün
konstruksiya və örtük işləri aparılır.
Bunu Trend-in
Qarabağ bürosuna açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin
Ərazi İnkişafı və İctimai Nəqliyyatın İdarə Olunması şöbəsinin
müdiri Rza Abdullayev bildirib.
Onun sözlərinə görə, D3 yaşayış massivinin birinci mərhələsi
üzrə də inşaat işləri davam edir. D3 massivində 10 bina və 254
mənzil nəzərdə tutulub. Binaların hər birində yeraltı avtodayanacaq
və liftlər layihələndirilib. Yaşayış binalarının 2027-ci ilin
birinci rübündə təhvil verilməsi planlaşdırılır.
Rza Abdullayev qeyd edib ki, D3 massivində 160 yerlik uşaq
bağçasının layihələndirmə işləri davam etdirilir. Təhsil
infrastrukturu çərçivəsində isə 1 nömrəli məktəbin tikintisi başa
çatdırılıb və məktəb artıq fəaliyyət göstərir.
R.Abdullayev bildirib ki, D4 massivində ayrıca qazanxana binası
mövcuddur. Ərazidə, D3 və daha əvvəl təhvil verilmiş D11 massivində
olduğu kimi, mərkəzi istilik sistemi tətbiq edilir. Həyətyanı
sahələrdə uşaqlar üçün oyun meydançaları, velosiped dayanacaqları
və parklanma yerləri yaradılır.
Şöbə müdiri əlavə edib ki, D3 və D4 massivlərinin birinci
mərhələsindən əlavə, yaxın zamanda D3 massivinin ikinci mərhələsi
və D5 yaşayış massivinin tikintisinə başlanılması nəzərdə tutulur.
Bununla yanaşı, D6, D7, D8 və D10 massivləri üzrə layihələndirmə
işləri artıq yekunlaşıb.

