
Bakı. Trend:
Bakı Təşəbbüs Qrupu BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə
Komitəsinin Kanakidə (Yeni Kaledoniya) Kanak xalqının öz
müqəddəratını təyinetmə hüququ və seçici korpusunun dəyişdirilməsi
cəhdləri ilə bağlı Fransaya ünvanladığı xəbərdarlığı alqışlayır və
Fransadan Komitənin çağırışlarına dərhal əməl etməyi tələb
edir.
Trend xəbər
verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun bəyanatında qeyd
olunub.
BTQ-nin mövqeyi ondan ibarətdir ki, Kanaki ilə bağlı hər hansı
siyasi və inzibati dəyişiklik Kanak xalqının razılığı alınmadan
həyata keçirilə bilməz. Komitə də məhz bu fikiri təsdiqləyib. Bu,
yalnız siyasi məsələ deyil, beynəlxalq hüququn, dekolonizasiya
prosesinin və yerli xalqların kollektiv hüquqlarının əsas tələbi və
haqqıdır.
BMT Komitəsinin hesabatında qeyd olunduğu kimi, Numea sazişi
Kanak kimliyinin tanınması, daha geniş muxtariyyətin əldə edilməsi
və Kanak xalqının öz siyasi gələcəyini müəyyən etməsi üçün mühüm
çərçivə yaradıb. Bu çərçivəyə birtərəfli qaydada müdaxilə edilməsi
və Numea sazişində təsbit olunmuş təminatların sual altına alınması
sazişin yaratdığı siyasi-hüquqi tarazlığı pozur və Kanak xalqının
öz siyasi gələcəyini sərbəst şəkildə müəyyən etmək imkanlarını
zəiflədir.
Bakı Təşəbbüs Qrupu Fransanın kənardan adaya yerləşdirdiyi
gəlmələr hesabına səsvermə hüququ olan şəxslərin genişləndirilməsi
istiqamətində atdığı addımları qəti şəkildə pisləyir. Kanak
xalqının razılığı olmadan seçki korpusuna müdaxilə edilməsi yerli
xalqın siyasi iradəsinin zəiflədilməsi, demoqrafik balansın
dəyişdirilməsi və dekolonizasiya prosesinin nəticələrinin süni
şəkildə təhrif olunması kimi qiymətləndirilməlidir.
Bununla yanaşı, 2024-cü ilin may ayında baş vermiş etirazlar
zamanı təhlükəsizlik qüvvələri tərəfindən həddindən artıq və
qeyri-mütənasib güc tətbiqi, o cümlədən ölümcül zorakılıq halları
ilə bağlı iddiaların müstəqil, şəffaf və effektiv şəkildə
araşdırılması barədə BMT Komitəsinin çağırışını dəstəkləyirik.
Kanak insan hüquqları müdafiəçilərinin və müstəqillik tərəfdarı
fəalların razılıqları olmadan Fransanın Avropa ərazisindəki
həbsxanalara aparılması ilə bağlı narahatlıqlar da beynəlxalq insan
hüquqları mexanizmləri tərəfindən diqqətlə araşdırılmalıdır.
Bakı Təşəbbüs Qrupunun müraciətindən sonra BMT mexanizmləri
çərçivəsində bu məsələlərin xüsusi narahatlıq predmeti kimi gündəmə
gətirilməsi və müvafiq xəbərdarlığın dərc olunması, təşkilatımızın
qaldırdığı narahatlıqların beynəlxalq səviyyədə nəzərə alındığını
və Kanak xalqının hüquqlarının müdafiəsi istiqamətində konkret
reaksiyaya səbəb olduğunu göstərir.
Fransanın Kanak xalqını nəzərə almadan irəli sürdüyü təşəbbüslər
müasir dövrdə davam edən müstəmləkəçi idarəçilik praktikasının
bariz nümunəsidir. Kanaki xalqının gələcəyi Parisdə qapalı
danışıqlarda deyil, Kanak xalqının real, bərabər və səmərəli
iştirakı ilə müəyyən edilməlidir.
Bakı Təşəbbüs Qrupu tərəfindən BMT-nin İnsan Hüquqları
Komitəsinə təqdim edilmiş alternativ hesabatdan sonra BMT
mexanizmləri Fransa qarşısında bir sıra mühüm məsələlər
qaldırmışdır. Bu məsələlər sırasında, adətən terrorla mübarizə və
girovların azad edilməsi kimi xüsusi təhlükəsizlik əməliyyatlarında
istifadə olunan Fransanın elit jandarm bölməsi GIGN-in Kanakiyə
göndərilməsi ilə bağlı narahatlıqların nəzərə alınması, bu
qüvvələrin iştirakı fonunda həddindən artıq və qeyri-mütənasib güc
tətbiqi iddialarının müstəqil və şəffaf şəkildə araşdırılması,
məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, ifadə
azadlığı və dinc toplaşmaq hüququnun qorunması, həmçinin
eskalasiyanın səbəblərinin araşdırılaraq BMT-yə məruzə edilməsi yer
almışdır.
Bakı Təşəbbüs Qrupu Fransanı BMT Komitəsinin çağırışlarını tam
və gecikmədən icra etməyə, Kanak xalqının öz müqəddəratını
təyinetmə hüququna hörmət göstərməyə, Numea sazişinin
dekolonizasiya ruhuna sadiq qalmağa və Kanaki ilə bağlı bütün
siyasi prosesləri yalnız Kanak xalqının sərbəst və
məlumatlandırılmış razılığı əsasında davam etdirməyə çağırır.
Bakı Təşəbbüs Qrupu Kanak xalqının ədalətli və azad gələcək
uğrunda mübarizəsi ilə həmrəyliyini bir daha təsdiq edir və
beynəlxalq ictimaiyyəti Fransanın Kanakidəki neokolonial siyasətinə
münasibətdə prinsipial mövqe tutmağa çağırır.

