
Bakı. Trend:
Prezident İlham Əliyevin Zəngilana səfəri və sakinlərlə görüşü
Azərbaycanın regional gücünü bir daha təsdiqləyir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Zəngilanda
sakinlərlə görüşü və səsləndirdiyi fikirlər sadəcə bir rayonun
inkişafı haqqında deyil, Azərbaycan dövlətinin strateji baxışının,
qurucu missiyasının və regionda yaratdığı yeni reallıqların ən
aydın ifadəsidir:
“İşğal dövründə Ermənistanın dağıdıb talan etdiyi, meşələrini
məhv etdiyi, ekoloji terror törətdiyi Zəngilan bu gün tam əksinə –
sürətli bərpa, müasir infrastruktur və böyük geosiyasi layihələrin
mərkəzinə çevrilir. Prezident İlham Əliyevin vurğuladığı kimi,
Zəngilan təkcə Azərbaycanın deyil, bütün regionun nəqliyyat və
logistika mərkəzlərindən birinə çevriləcək”.
Deputat bildirib ki, Zəngəzur dəhlizi, yeni dəmir yolu xətləri,
beynəlxalq hava limanı və digər layihələr bu rayonun coğrafi
üstünlüyünü tam reallaşdırır.
O qeyd edib ki, Azərbaycanın qurucu və yaradıcı xarakteri burada
ən bariz şəkildə görünür:
“Düşmən dağıdanda biz qururuq, talan edəndə biz bərpa edirik,
nifrət toxumları səpəndə biz sülh və əməkdaşlıq təklif edirik.
“Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları, müasir memarlıq
üslubları, yaşıl enerji layihələri və Böyük Qayıdış proqramı bunun
ən gözəl nümunəsidir”.
A.Həsənova bildirib ki, tarixi yaddaşla müasir siyasətin
birləşməsi də diqqətçəkəndir:
“Prezident İlham Əliyev çıxışında Ulu Öndər Heydər Əliyevin
mirasını, xalq-iqtidar birliyini, 2020-ci il Zəfərini və 2023-cü il
antiterror tədbirlərini vahid məntiqi zəncir kimi təqdim etdi. Bu,
sadəcə keçmişə hörmət deyil, gələcəyə inamın nümunəsidir. Eyni
zamanda, regionda hələ də nifrət siyasəti aparan qüvvələrə qarşı
ayıqlıq çağırışı da çox vacibdir. Azərbaycan sülh istəyir, amma
təhlükəsizliyini və suverenliyini heç vaxt güzəştə getməyəcək.
Beynəlxalq hörmətin artması da məhz bu ləyaqətli, sözü-əməli bir
siyasətin nəticəsidir”.
Deputat qeyd edib ki, Zəngilan artıq sadəcə azad edilmiş rayon
deyil – o, Azərbaycanın qalib və qurucu dövlət kimi yeni regional
rolunun simvoluna çevrilib:
“Prezident İlham Əliyevin Zəngilandakı çıxışı həm tarixi
ədalətin bərpası, həm də gələcəyin quruculuğu baxımından əsl
manifestdir. Bu proses davam edəcək və Azərbaycan öz torpaqlarında,
öz iradəsi ilə daha da güclü, daha da müasir və daha da firavan
gələcək quracaq”.

