
Bakı.Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Ümumdünya Şəhərsalma
Forumunun Bakıda keçiriləcək on üçüncü sessiyasına (WUF13)
hazırlıqla bağlı ölkə ərazisində, habelə tədbir məkanlarında
dayanıqlı və keyfiyyətli telekommunikasiya xidmətlərinin təmin
edilməsi məqsədilə görülmüş işlər və son vəziyyətə dair iclas
keçirilib.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
(RİNN) məlumat verilib.
Bildirilib ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Saməddin Əsədovun sədrlik etdiyi iclasda ölkə ərazisində, habelə
tədbir məkanlarında dayanıqlı və keyfiyyətli telekommunikasiya
xidmətləri ilə bağlı həyata keçirilmiş işlər, Bakı Olimpiya
Stadionunda internet xidmətlərinə olan tələblər müzakirə edilib.
Həmçinin internet xidmətlərinin, beynəlxalq internet kanallarının,
mobil telefon rabitəsinin (səs/internet) təşkili üzrə hazırkı
vəziyyət nəzərdən keçirilib.
İclasda telekommunikasiyaya olan tələbatının yüksək səviyyədə
təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

