
Bakı.Trend:
“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən “Cənub
Qaz Dəhlizi” QSC-yə (SGC) verilən baza kredit qiymətləndirməsi
(Baseline Credit Assessment, BCA) göstəricisi MDB regionu üzrə ən
yüksək göstəricilərdən biridir.
Trend bu barədə
QSC-yə istinadən xəbər verir.
““Cənub Qaz Dəhlizi” QSC beynəlxalq reytinq agentliyi “Moody’s
Ratings” tərəfindən ilk uzunmüddətli emitent reytinqini əldə edib.
Genişmiqyaslı və müstəqil maliyyə təhlilinin nəticələrinə əsasən,
SGC-nin uzunmüddətli reytinqi müsbət proqnozla “Baa3” səviyyəsində
təsdiqlənib ki, bu da investisiya səviyyəsinə uyğundur.
Bundan əlavə, “Moody’s Ratings” SGC-nin baza kredit
qiymətləndirməsini (BCA) “baa3” səviyyəsində təsdiqləyib. Bu
göstərici təkcə Azərbaycanda deyil, həmçinin MDB ölkələri arasında
da ən yüksək göstəricilərdən biridir. “Moody’s”in məlumatına görə,
SGC-nin reytinqi Azərbaycanın suveren reytinqi (“Baa3”) ilə
məhdudlaşır. Ölkənin suveren reytinqində mümkün müsbət
dəyişikliklər birbaşa şirkət reytinqinə də təsir göstərəcək. Bu
reytinq bir daha SGC-nin beynəlxalq maliyyə bazarlarında maliyyə
dayanıqlığını və etibarlılığını təsdiqləyir”, – deyə şirkətin
məlumatında bildirilir.
2025-ci ildə SGC həmçinin “Fitch Ratings” beynəlxalq agentlik
tərəfindən sabit proqnozla “BBB-” səviyyəsində uzunmüddətli emitent
defoltu reytinqini uğurla əldə edib.
SGC — Azərbaycan Respublikasının Cənub Qaz Dəhlizi layihələrində
pay iştirakının idarə olunması və maliyyələşdirilməsi məqsədilə
yaradılmış qapalı səhmdar cəmiyyətidir. Səhmlərin 51 faizi SOCAR-a,
49 faizi isə dövlət adından fəaliyyət göstərən Azərbaycan
İqtisadiyyat Nazirliyinə məxsusdur.

