
Bakı. Trend:
Əgər özəl tibb müəssisəsi hüquqi şəxs yaratmaqla təşkil
olunubsa, (yəni MMC, QSC, MMM və s.) bu zaman sahibkarlıq
subyektinin məkanında fəaliyyət göstərən həkim lisenziyaya görə
cavabdeh şəxs hesab edilmir.
Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi
nəzarət şöbəsinin baş mütəxəssisi Xəyalə Əliyeva açıqlayıb.
Onun sözlərinə görə, lisenziya hüquqi şəxs yaratmış sahibkarlıq
subyektinin tam olaraq öz məsuliyyət sferasıdır:
“Doğrudur, sahibkarlıq subyektinin rəhbər nümayəndəsi öz işçi
heyəti ilə vaxtaşırı keçirdiyi iclaslarda və ya daxili auditində
tabeliyində çalışan əməkdaşlarını öz vəzifə səlahiyyətlərindən
kənar fəaliyyətlə məşğul olmaması üçün xəbərdar etməlidir. Çünki
hansısa bir həkimin orada lisenziyadan kənar fəaliyyəti sahibkarlıq
subyektinə maliyyə sanksiyası və ya daha ciddi məhdudlaşdırıcı
tədbirlərə tətbiq edilə bilər. Əgər məlumatlı deyillərsə, o zaman
məsuliyyət tədbiri sahibkarlıq subyekti ilə işçi arasında bağlanmış
müqavilənin şərtləri ilə tənzimlənməlidir”.
Xəyalə Əliyeva bildirib ki, qanunvericiliyə gəldikdə isə
lisenziyaya görə birbaşa məsuliyyət sahibkarlıq subyektinin
məsuliyyətidir: “Bəzən ümumiyyətlə lisenziya almadan tibb
fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyekti obyektin bəzi
otaqlarını icarəyə verərək, digər şəxslərin də yalnız vergi
ödəməklə fəaliyyətini təmin edir. Belə hal aşkarlandığı zaman əmək
müqaviləsi olmadığına görə hər iki şəxs sahibkar hesab olunduğundan
lisenziyaya görə məsuliyyət daşımış olur. Həkim olaraq lisenziyaya
məsuliyyət yalnız fərdi qaydada tibbi fəaliyyət göstərən şəxslərə
şamil olunur. Hüquqi şəxs yaratmadan, (yəni müəyyən cəmiyyət – MMC,
QSC, MMM və s.) həm həkim həm də sahibkar kimi fəaliyyət
göstərirsə, hər iki sənəd eyni şəxsə məxsusdursa, məsul şəxs hesab
edilir və hər bir halda cavabdehdir.
Beləliklə sahibkarlıq subyektinin əmək müqaviləsi əsasında
çalışan işçiləri lisenziyaya görə birbaşa məsuliyyət
daşımırlar”.

