Mərkəzi Bank dayanıqlı maliyyə üzrə Yol Xəritəsinin icrası ilə bağlı hədəflərini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

2026-cı il üçün müəyyən edilmiş strateji hədəflər çərçivəsində
Mərkəzi Bank Dayanıqlı maliyyə sahəsində həyata keçirilən tədbirlər
maliyyə sektorunda dayanıqlılığın gücləndirilməsi, iqlim
risklərinin effektiv idarə olunması və yaşıl maliyyə axınlarının
təşviq edilməsinə yönəlib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dayanıqlı
maliyyə hesabatında qeyd edilib.

Mərkəzi Bankın dayanıqlı maliyyə üzrə Yol Xəritəsinin icrası ilə
bağlı hədəfləri aşağıdakılardan ibarətdir:

1. Dayanıqlı maliyyə sahəsində potensialın formalaşdırılması: Bu
istiqamətdə bank sektorunda dayanıqlı maliyyə sahəsində bilik və
bacarıqların artırılması məqsədilə ixtisaslaşmış təlim
proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur.
Təlimlər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində təşkil
edilərək qabaqcıl qlobal təcrübələrin öyrənilməsi və tətbiqinə
imkan yaradacaq. Bununla yanaşı, beynəlxalq təşkilatlara üzvlüyün
və əməkdaşlığın genişləndirilməsi vasitəsilə bank sektorunun
institusional potensialının gücləndirilməsi, müasir yanaşmaların və
standartların ölkədə tətbiqinin təşviqi təmin olunacaq. Bu
çərçivədə seminarlar, vorkşoplar və metodoloji dəstək mexanizmləri
vasitəsilə maliyyə institutlarının dayanıqlı maliyyə üzrə bilik
bazasının sistemli şəkildə inkişaf etdirilməsi hədəflənir.

2. Dayanıqlı maliyyə axınları üçün ekosistemin
formalaşdırılması: Dayanıqlı maliyyə axınlarının təşviqi məqsədilə
uyğun ekosistemin formalaşdırılması istiqamətində kompleks
tədbirlər həyata keçiriləcək. Bu çərçivədə yaşıl istiqraz bazarının
inkişafı üçün beynəlxalq standartlara uyğun qanunvericilik
bazasının hazırlanması, emissiya və hesabatlılıq tələblərinin
müəyyən edilməsi, eləcə də stimullaşdırıcı mexanizmlərin tətbiqi
nəzərdə tutulur.




Bununla yanaşı, sığorta sektorunda dayanıqlılığın
gücləndirilməsi məqsədilə Dayanıqlı Sığorta üzrə Fəaliyyət Planı
hazırlanacaq, iqlim risklərinin idarə olunması və ESİ meyarlarının
tətbiqi təşviq ediləcək. Bu tədbirlər dayanıqlı investisiyaların
artmasına və maliyyə sektorunun dayanıqlı inkişafına xidmət
edəcək.

3. İqlim dəyişmələri və ESİ faktorlarının risklərin idarə
edilməsinə inteqrasiyası: 2026-cı ildə bank sektorunda ESİ
risklərinin inteqrasiyasının gücləndirilməsi məqsədilə ESİ Risk
Radar Aləti layihəsi çərçivəsinə uyğun olaraq, ESİ təlimatı
hazırlanacaq və Risk Radar nəticələrinin kredit qərarlarına
inteqrasiyası müəyyən olunacaq, eyni zamanda banklar üçün
maarifləndirmə tədbirləri keçiriləcək, pilot layihə çərçivəsində
tikinti sektoru üzrə kredit təhlili sualları tamamlanacaq. Risk
Radar Aləti üzrə yekun hesabat hazırlandıqdan sonra alətin
prudensial siyasətə inteqrasiyası ilə bağlı tədbirlər
görüləcək.

Bununla yanaşı, maliyyə sisteminin iqlim risklərinə qarşı
dayanıqlığının kompleks şəkildə qiymətləndirilməsi məqsədilə keçid
riskləri üzrə stres-testlərin həyata keçirilməsi nəzərdə tutulur.
İlkin mərhələdə yuxarıdan aşağıya (top-down) yanaşması tətbiq
olunaraq iqlim siyasətləri, karbon qiymətlənməsi və texnoloji
transformasiya kimi amillərdən irəli gələn keçid risklərinin
makroiqtisadi göstəricilər üzərindən bank sektoruna ötürülmə
kanalları sistemli şəkildə təhlil ediləcək. Bu çərçivədə əsas
makroiqtisadi dəyişənlər (iqtisadi artım, inflyasiya, faiz və s.)
üzrə ssenarilər formalaşdırılacaq və bu ssenarilərin (Əlavə1) bank
sektorunun maliyyə sabitliyi göstəricilərinə təsiri
qiymətləndiriləcək. Xüsusilə, keçid risklərinin bankların aktiv
keyfiyyətinə təsiri, qeyri-işlək kreditlərin dinamikası, kredit
portfellərinin sektorlar üzrə həssaslığı və kapital adekvatlığına
mümkün təsirləri kəmiyyət modelləri vasitəsilə ölçüləcək. Bununla
yanaşı, əldə olunan nəticələr əsasında bank sektorunun iqlim
risklərinə qarşı həssaslığı müəyyən ediləcək, potensial sistemik
risklər qiymətləndiriləcək və zəruri hallarda prudensial siyasət
alətlərinin təkmilləşdirilməsi istiqamətində əsaslandırılmış
təkliflər hazırlanacaq.

4. Maliyyə bazarlarında şəffaflığın və bazar intizamının təmin
edilməsi: Bu çərçivədə dayanıqlı maliyyə üzrə illik hesabat
hazırlanacaq və dayanıqlılıq göstəricilərinin açıqlanması üçün
vahid metodologiya işlənib hazırlanacaq. Bununla yanaşı, Mərkəzi
Kredit Reyestrinə istixana qazı emissiyalarına dair məlumatların
inteqrasiyasını təmin etmək məqsədilə müvafiq hüquqi çərçivə
formalaşdırılacaq, bu isə maliyyə institutlarının dayanıqlı
investisiya və kredit qərarlarını daha səmərəli şəkildə qəbul
etməsinə imkan yaradacaq.

Bu tədbirlər maliyyə sektorunda dayanıqlı inkişaf prinsiplərinin
daha sistemli şəkildə tətbiqinə və iqlim risklərinin maliyyə
sabitliyi baxımından daha effektiv idarə olunmasına xidmət
edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir