
Bakı.Trend:
17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma
Forumunun (WUF13) 13-cü sessiyası mənzil təminatı və şəhərsalma
sahəsində praktiki və həll yönümlü müzakirələrin təşviqi üçün
nəzərdə tutulmuş yeni məkanı – Təcrübə Mərkəzi adlı platformanı
təqdim edəcək.
Trend xəbər
verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkıti məlumat
yayıb.
Bildirilib ki, əsas diqqəti icra və tətbiq məsələlərinə yönəldən
bu platforma özünü doğrultmuş yanaşma prinsiplərini, əldə edilmiş
təcrübələri və qarşılıqlı öyrənmə imkanlarını bir araya
gətirəcək.
WUF13 tədbirinin “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məskənləri” adlı mövzusu çərçivəsində
Təcrübə Mərkəzi praktiki mənzil həlləri sayəsində reallaşdırılan
müsbət dəyişiklikləri nümayiş etdirəcək. Platforma müxtəlif
regionlarda uğurlu olmuş təcrübələri ön plana çıxarmaqla yanaşı,
qərar qəbul edən şəxsləri, eləcə də öz biliklərini təcrübədə tətbiq
edən mütəxəssisləri birbaşa icra prosesi ilə əlaqələndirərək
biliklərin real fəaliyyətə çevrilməsinə töhfə verəcək.
Platforma qlobal miqyasda həyata keçirilən genişmiqyaslı prosesə
əsaslanır, belə ki, vaxtilə bu proses çərçivəsində mənzil təminatı
üzrə praktiki təcrübə nümunələrinin qəbulu elan edilmiş və müxtəlif
dünya ölkələrindən 200-dən çox müraciət daxil olmuşdur. Ekspert
qrupları bu müraciətlər arasından 171 təcrübə nümunəsi seçmişdir.
Bu təcrübə nümunələri müxtəlif idarəetmə səviyyələrini və fərqli
amilləri ehtiva edən müxtəlif həll variantlarını, o cümlədən
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və onun tərəfdaşları
tərəfindən həyata keçirilən təşəbbüsləri əks etdirir. Ümumilikdə,
84 ölkəni əhatə edən bu təcrübə nümunələri milli və yerli
hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor, fondlar və akademik
dairələrin töhfələrini özündə birləşdirir. İştirakçılar interaktiv
rəqəmsal monitor vasitəsi ilə bu təşəbbüslərlə tanış ola və
ehtiyaclara uyğun həll variantlarını axtara bilərlər.
Proqram və şəbəkələşmə
Təcrübə Mərkəzində 11 interaktiv sessiya keçiriləcək və hər
sessiya oxşar problemlər üzərində çalışan müxtəlif ölkə
təşkilatlarını bir araya gətirəcəkdir. 90 dəqiqəlik dialoq
formatında təşkil olunacaq bu sessiyalar eyni məsələyə fərqli
yanaşmaları nümayiş etdirməklə yanaşı, uğurlu təcrübələrin və
müxtəlif şəraitdə adaptasiya oluna və ya genişləndirilə bilən həll
variantlarının müzakirəsi üçün şərait yaradacaq.
Sessiyaları tamamlayan xüsusi şəbəkələşmə məkanı öz biliklərini
təcrübədə tətbiq edən mütəxəssislər, siyasət formalaşdıran rəsmilər
və tərəfdaşlar ilə birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq
və əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün şərait yaradacaq.
Birlikdə bu elementlər iştirakçı auditoriyasının özünü doğrultmuş
yanaşmaları kəşf etməsi və bu yanaşmaların arxasında duran
şəxslərlə ünsiyyət qurması, eləcə də real icra təcrübəsindən
faydalanması üçün vahid platforma formalaşdırır.
WUF13 tədbirinin mirası
Təcrübə Mərkəzi yalnız WUF13 çərçivəsində fəaliyyət göstərəcək
proqramla məhdudlaşmır və mənzil təminatı sahəsində qlobal bilik
bazasına uzunmüddətli töhfə kimi nəzərdə tutulub. Bütün təcrübələr
rəqəmsal platforma vasitəsilə əlçatan olacaq və davamlı öyrənmə,
eləcə də təcrübə mübadiləsini dəstəkləmək məqsədilə ətraflı
məlumatlar və konkret faktlar üzrə araşdırmalar təqdim
ediləcəkdir.
Platforma müntəzəm surətdə yenilənəcək və zaman keçdikcə, onun
məlumat bazası daha da genişlənəcəkdir. Qarşıda duran əsas məqsəd
isə əldə olunan təcrübələri paylaşmaq və uğurlu yanaşmaların digər
yerlərdə də tətbiqini təşviq etməklə, Yeni Şəhərsalma Proqramının
davamlı icrasına dəstək olmaq və mənzil təminatı üzrə səmərəli həll
variantlarının qlobal müstəvidə tətbiqini sürətləndirməkdir.
Təcrübə Mərkəzinin tam proqramı ilə burada tanış ola
bilərsiniz.

