
Türküstan.Trend:
Orta Dəhliz Türk Dövlətləri Təşkilatı (TDT) regionunu qlobal
ticarət axınları ilə daha səmərəli şəkildə birləşdirmək baxımından
real potensiala malikdir.
Bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın bu
gün Türküstanda (Qazaxıstan) keçiriləcək qeyri-rəsmi sammiti
ərəfəsində Trend-ə
verdiyi özəl müsahibədə bildirib.
“Həqiqətən də, Orta Dəhliz müasir qlobal kontekstdə getdikcə
daha böyük əhəmiyyət qazanır. Təchizat zəncirləri transformasiya
olunduqca ölkələr yalnız daha sürətli marşrutlar deyil, həm də daha
etibarlı və şaxələndirilmiş variantlar axtarırlar. Bu baxımdan Orta
Dəhliz Asiya ilə Avropa arasında çox praktik bağlantı halında
formalaşır. Onun inkişafı “Türk dünyas– 2040 ” baxışı çərçivəsində
bizim əsas prioritetlərimizdən biri olaraq qalır. Bu, Şərqlə Qərb
arasında ən qısa quru marşrutlarından biridir və regionumuzun
qlobal ticarət axınlarına daha sıx inteqrasiyası üçün real
potensiala malikdir”, – deyə o bildirib
Eyni zamanda, Baş katib vurğulayıb ki, təkcə infrastruktur
kifayət etmir.
“Əslində həlledici məqam ölkələr arasında koordinasiya və
sistemin praktikada nə dərəcədə effektiv işləməsidir. Məhz buna
görə biz həm əlaqəliliyin gücləndirilməsinə, həm də marşrut üzrə
əməliyyat proseslərinin sadələşdirilməsinə diqqət yetiririk. Buna
yaxşı nümunə kimi Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunu göstərmək
olar. Gözlənilir ki, bu layihə ötürücülük qabiliyyətini əhəmiyyətli
dərəcədə artıracaq və tranzitin səmərəliliyini yüksəldəcək,
daşımaların həcmi isə ildə 15 milyon tona çatacaq”, – deyə
K.Ömüralıyev qeyd edib.
O bildirib ki, gömrük və logistika sahəsində rəqəmsallaşmaya da
xüsusi diqqət ayrılır.
“Azərbaycan və digər üzv dövlətlər ePermit (elektron daşıma
icazələri), eCMR (elektron əmtəə-nəqliyyat qaimələri) və eTIR
(elektron gömrük tranziti sistemi) kimi sistemləri uğurla şəkildə
tətbiq edirlər ki, bu da beynəlxalq daşımaları daha çevik, daha
sadə və daha şəffaf edir. Bu istiqamətdə mühüm mərhələlərdən biri
2025-ci ilin yanvarında Bakıda keçirilmiş TDT gömrük xidmətləri
rəhbərlərinin iclasında eTIR sisteminin tam tətbiqi üzrə regional
yol xəritəsinin qəbul edilməsi, həmçinin 2026-cı ilin aprelində TDT
üzv dövlətlərinin nəqliyyat nazirlikləri tərəfindən eCMR-in
tətbiqinə dair qarşılıqlı anlaşma memorandumunun imzalanması olub”,
– deyə TDT-nin Baş katibi vurğulayıb.
Ömüralıyevin fikrincə, 2022-ci ildə Səmərqənd sammitində gömrük
prosedurlarının və beynəlxalq yükdaşımaların sadələşdirilməsi ilə
bağlı qəbul edilmiş qərarlarla yanaşı, bu tədbirlər də Orta Dəhlizi
mərhələli şəkildə daha effektiv və proqnozlaşdırıla bilən marşruta
çevirir.
“Zaman keçdikcə məhz bu amillər onun bütün tərəfdaşlar üçün
həqiqətən rəqabətə davamlı və etibarlı marşrut rolunu təmin
edəcək”, – deyə o əlavə edib.

