
Bakı. Trend:
2026-cı ilin mart ayında cəmi məhsul və xidmətlər üzrə
istehlakçı qiymətləri indeksi illik 5.6% artıb.
Qiymətləri dövlət tərəfindən tənzimlənən, həmçinin mövsümi
xarakter daşıyan məhsul və xidmətlərin qiymət dəyişmələri nəzərə
alınmadan hesablanan baza inflyasiya 2026-cı ilin mart ayında illik
5.5% təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, mart ayında qida məhsulları, alkoqollu içkilər və
tütün məmulatları üzrə illik inflyasiya 6.5% olub.
“Ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq qiymətlərinin
inflyasiyaya töhfəsi dəyişməyərək 2.9% təşkil edib. Qida məhsulları
üzrə inflyasiya əsasən süd və süd məhsulları, meyvələr üzrə olub.
Bu məhsulların da qiymətində illik artım müvafiq olaraq 10.5% və
9.7% təşkil edib. Qeyri-qida məhsullarının qiyməti illik 3.7%
yüksəlib. Bu məhsullar arasında isə ən yüksək qiymət artımı illik
36.6%-lə zərgərlik mallarında qeydə alınıb. Qeyri-qida
məhsullarının ümumi inflyasiyaya töhfəsi ötən ilin müvafiq dövrü
ilə müqayisədə 0.7-dən 0.9 f.b-ə yüksəlib. Xidmət inflyasiyası
2026-cı ilin mart ayında illik 5.7% təşkil edibr. Əhaliyə
göstərilən ödənişli xidmətlərin arasında mərkəzi isitmə (50%),
təbii qaz təchizatı xidməti (5.3%), metro nəqliyyatı ilə sərnişin
daşıma xidməti (20.0%) və hava nəqliyyatı ilə sərnişin daşıma
xidməti (13.6%) üzrə qiymət indeksi illik əsasda daha çox artıb.
2026- cı ilin mart ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə
xidmətlərin illik inflyasiyaya töhfəsi 2.3 faiz bəndindən 1.7 faiz
bəndinə enib”, – məlumatda qeyd edilib.
“2026-cı ilin mart ayında istehlak səbətinə daxil olan 566 adda
mal və xidmətdən 117-sinin qiyməti illik olaraq 4%- dən çox
yüksəlib. Bahalaşan məhsulların 65%-də qiymət artımı 6%-dən aşağı
olub. Səbətdəki 7.1% məhsul və xidmətin qiymətləri azalıb.
Ümumilikdə, qlobal və daxili mühitdə baş verən bir sıra
proseslər inflyasiyanın formalaşmasına təsir göstərib. Belə ki,
Mərkəzi Bankın qiymətləndirmələrinə görə illik inflyasiyaya dövlət
istehlakı və ev təsərrüfatlarının istehlakı birlikdə 1.58 faiz
bəndi, kənd təsərrüfatı istehsalçıları qiymətləri 1.93 faiz bəndi,
ticarət tərəfdaşlarında inflyasiya 2.63 faiz bəndi və Nominal
Effektiv Məzənnə (NEM) 1.30 faiz bəndi artırıcı, digər amillər isə
(inflyasiya gözləntiləri və s.) 1.85 faiz bəndi azaldıcı təsir
göstərib”, – məlumatda vurğulanıb.

