
Bakı. Trend:
14–16 may tarixlərində Milli Gimnastika Arenası idman
gimnastlarının maraqlı mübarizəsinə ev sahibliyi edir.
Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat
verilib.
5 ölkədən 50-yə yaxın gimnastın iştirak etdiyi turnirdə həm
qadınlar, həm də kişilər birincilik uğrunda yarışırlar. Gimnastlar
gənclər və böyüklər yaş kateqoriyalarında çıxış edirlər.
Məlumata görə, ölkəmizi bu turnirdə qadınlar arasında böyük
gimnastlar – Nazənin Teymurova, Dəniz Əliyeva, Aytən Məmmədova,
Xədicə Abbaszadə, gənc gimnastlar – Albina Əliyeva, Leyla
Məmmədzadə, Aynaz Məcidzadə və Lalə Zamanlı, kişilər arasında isə
böyük gimnastlar – Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov,
gənc gimnastlar – Miryusif Əhmədzadə, İlham Salayev, Mahir Səlimov,
İsgəndər Cavadzadə və Məhəmməd Rüstəmzadə təmsil edirlər.
“Turnirin ilk günündə gənclər yaş kateqoriyası üzrə gimnastlar
komanda hesabında və çoxnövçülük proqramında
mükafatlandırılıblar.
Həm qadın, həm də kişi gimnastlarımız komanda hesabında bürünc
medal qazanıblar. Fərdi çoxnövçülük proqramında isə qadınlar
arasında Leyla Məmmədzadə bürünc medalın sahibi olub.
Qarşıda bizi daha iki həyəcanlı yarış günü gözləyir”, – deyə
federasiyadan bildirilib.

