AİB Azərbaycanın da iştirak etdiyi regional rəqəmsal dəhliz layihəsi ilə bağlı hesabat yayıb

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit Okean regionunda
rəqəmsal inteqrasiyanın genişləndirilməsi məqsədilə yeni regional
texniki yardım layihəsinə start verib.

Trend banka
istinadən xəbər verir ki, “Asiya və Sakit Okean regionunda Regional
Dayanıqlılıq, İnfrastruktur, Məlumat və Açıq Tənzimləmələr
vasitəsilə Sərhədlərarası İmkanlar (CORRIDOR)” adlı təşəbbüs
çərçivəsində Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə
regional rəqəmsal dəhlizlərin yaradılması nəzərdə tutulur.

AİB tərəfindən yayımlanan texniki yardım hesabatına əsasən,
layihə Asiya-Sakit Okean Rəqəmsal Magistralının (Asia-Pacific
Digital Highway – APDH) əməliyyat mexanizmi kimi fəaliyyət
göstərəcək. Təşəbbüsün əsas məqsədi 2035-ci ilədək 1,5 milyard
insanı rəqəmsal bağlantı ilə əhatə etmək və 20 milyard dollarlıq
strateji investisiyanın səfərbər edilməsinə şərait yaratmaqdır.

Layihədə Azərbaycanla yanaşı Banqladeş, Çin, Gürcüstan,
Hindistan, İndoneziya, Qazaxıstan, Monqolustan, Pakistan, Filippin,
Şri-Lanka, Tailand, Türkmənistan, Özbəkistan və Vyetnam iştirak
edir.

Texniki yardım proqramı region ölkələri arasında iqtisadi
artımın sürətləndirilməsi, dayanıqlığın artırılması və rəqabət
qabiliyyətinin gücləndirilməsi məqsədilə rəqəmsal
infrastrukturların inkişafına dəstək verəcək. Layihə çərçivəsində
genişzolaqlı internet şəbəkələri, məlumat mərkəzləri, bulud
xidmətləri və rəqəmsal ictimai infrastrukturun inkişafı əsas
prioritetlərdən biri olacaq.

Bundan əlavə, layihə sərhədlərarası rəqəmsal xidmətlərin, ağıllı
sərhəd sistemlərinin və rəqəmsal ticarətin inkişafını nəzərdə
tutur. Bildirilir ki, məqsəd təchizat zəncirlərinin səmərəliliyini
artırmaq, əməliyyatların fasiləsizliyini təmin etmək və region
ölkələri arasında məlumat mübadiləsini sürətləndirməkdir.

AİB bildirir ki, təşəbbüs çərçivəsində süni intellekt əsaslı
sistemlərin tətbiqi, kibertəhlükəsizlik, məlumatların idarə
olunması və rəqəmsal qanunvericiliyin uyğunlaşdırılması
istiqamətində də işlər görüləcək. Layihədə model qanunların
hazırlanması, tənzimləyici “sandbox” mexanizmlərinin yaradılması və
rəqəmsal ictimai infrastrukturun interoperabelliyinin təmin
olunması planlaşdırılır.




Texniki yardım proqramı eyni zamanda mikro, kiçik və orta
sahibkarlığın rəqəmsal iqtisadiyyata inteqrasiyasını təşviq etməyi,
qadınların, gənclərin və həssas qrupların rəqəmsal imkanlara
çıxışını genişləndirməyi hədəfləyir.

AİB qeyd edir ki, region ölkələri arasında rəqəmsal inkişaf
səviyyəsinin fərqli olması, qeyri-bərabər infrastruktur regional
inteqrasiyanın qarşısında əsas maneələrdəndir. Vurğulanır ki,
layihə məhz bu boşluqların aradan qaldırılmasına, ortaq
standartların formalaşdırılmasına və təhlükəsiz rəqəmsal
ekosistemin yaradılmasına yönəlib.

Məlumata əsasən, CORRIDOR texniki yardım proqramı üç əsas
istiqamət üzrə həyata keçiriləcək: 1) regional rəqəmsal dəhlizlərin
arxitekturası və idarəetmə mexanizmlərinin hazırlanması; 2)
rəqəmsal ictimai infrastruktur tətbiqlərinin və süni intellekt
həllərinin inkişafı; 3) regional investisiya və siyasət uyğunluğu
üzrə bilik mübadiləsi və institusional potensialın artırılması.

Layihə çərçivəsində sərhədlərarası məlumat axını, rəqəmsal
identifikasiya sistemləri, rəqəmsal ödəniş infrastrukturu və
təsdiqlənə bilən elektron sənəd sistemləri üzrə texniki və hüquqi
çərçivələrin hazırlanması nəzərdə tutulur.

AİB hesab edir ki, fiber-optik xətlər, məlumat mərkəzləri,
internet mübadilə nöqtələri və “yaşıl” data mərkəzlərinə yönələcək
investisiyalar gələcəkdə özəl sektorun və qarışıq maliyyələşdirmə
mexanizmlərinin cəlb olunmasına da təkan verəcək.

Hesabatla daha ətraflı bu linkə keçid edərək tanış ola bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir