
Xocalı. Trend:
Xocalı rayonunda Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda
qayıdan ailələr arasında 10 övladlı gənc ailənin köçü xüsusi diqqət
çəkib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, Xocalı sakini, keçmiş məcburi köçkün, 1981-ci il təvəllüdlü
Anar Budaqov 12 nəfərdən ibarət ailəsi ilə birlikdə rayonun Təzə
Binə kəndində yeni bərpa olunmuş evinə köçür.
Məlumata görə, uzun illər doğma torpaqlarından ayrı düşən
Budaqovlar ailəsi bu günü böyük sevinc və qürur hissi ilə
qarşılayıb. İllərlə həsrətində olduqları ata-baba yurduna qovuşan
ailə artıq yeni həyatına öz doğma ocağında başlayır. Xüsusilə
ailənin 10 övladının doğma Xocalı torpağında böyüyəcək olması hər
kəsdə böyük duyğular yaradıb.
Anar Budaqov bildirib ki, illərlə bu günü arzulayıblar və bu gün
arzuları gerçəyə çevrilib. O qeyd edib ki, övladlarının doğma
torpaqda təhlükəsiz, firavan və xoşbəxt həyat yaşaması onlar üçün
ən böyük sevincdir.

