
Bakı. Trend:
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan
Respublikası Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mayın 17-də
öz işinə başlayacaq.
WUF13 Azərbaycan Əməliyyat Şirkətindən Trend– verilən məlumata görə, tədbir Birləşmiş
Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət
bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq.
WUF13-ün ilk günündə yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi
ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş
təşkil ediləcək. Proqramın 20 illik icra müddətinin orta
mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin
nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və
növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi üçün
əhəmiyyətli imkan yaradacaq.
Forum çərçivəsində müxtəlif assambleya sessiyaları da təşkil
olunacaq. İlkin olaraq assambleyaların birgə açılış sessiyası
keçiriləcək. Daha sonra proqrama əsasən Qadınlar Assambleyası,
Yerli və regional hökümətlərin ümumdünya Assambleyası, İcma
birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası,
Uşaq və gənclər Assambleyası, eləcə də Biznes Assambleyası
keçiriləcək.
Forum çərçivəsində keçiriləcək əlavə tədbirlər sırasında BMT-nin
Məskunlaşma Proqramı, Qlobal Su Operatorların Tərəfdaşlıq Alyansı
(GWOPA) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə
təşkil etdiyi “Global Water Operators’ Partnerships Alliance”
Assambleyası da yer alır. Hər iki ildən bir keçirilən GWOPA
Assambleyası ilk dəfə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində
təşkil olunacaq.
Qeyd edək ki, WUF13 tədbiri 17–22 may tarixlərində Bakı
şəhərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı
şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş
forumdur.
17 may tarixində keçiriləcək sessiya və tədbirlərin siyahısı ilə
WUF13-ün rəsmi proqram səhifəsində tanış ola
bilərsiniz.

