
Bakı. Trend:
Azərbaycan sosial mənzil siyasətinin uğurlu modelini
formalaşdırıb.
Bunu Türkiyənin Ətraf-mühit, şəhərsalma və iqlim dəyişikliyi
nazirinin müavini Ömər Bulut Bakıda keçirilən Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Trend-ə verdiyi müsahibədə
bildirib.
O qeyd edib ki, həm Türkiyədə, həm də Azərbaycanda sosial mənzil
sahəsində mühüm nəticələr əldə olunub.
Nazir müavininin sözlərinə görə, Türkiyədə bu günədək təxminən
1,75 milyon sosial mənzil inşa edilib, Azərbaycanda isə
genişmiqyaslı layihələr Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA)
vasitəsilə həyata keçirilir.
O vurğulayıb ki, hər iki ölkədə əsas diqqət aşağı gəlirli və
daşınmaz əmlaka çıxışı məhdud olan vətəndaşların mənzillə
təminatına yönəlib və bu siyasətin mərkəzində insan amili
dayanır.
“Azərbaycan və Türkiyə sosial mənzil sahəsində bir çox ölkələrlə
müqayisədə daha qabaqcıl mövqelərdədir və öz təcrübələrini digər
dövlətlərlə bölüşməyə hazırdır”, – deyə o bildirib
Ömər Bulut həmçinin Azərbaycanın beynəlxalq tədbirlərin
təşkilində uğurlu təcrübəsini qeyd edərək, COP29 və digər
platformaların keçirilməsinin bu imkanların təsdiqi olduğunu
vurğulayıb.
Bundan əlavə, o, Qarabağın bərpası çərçivəsində Azərbaycanla
birgə həyata keçirilən layihələri yüksək qiymətləndirib.

