
Bakı.Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)
çərçivəsində “Sosial inteqrasiya və yoxsulluğun aradan qaldırılması
üçün mənzil” mövzusunda panel müzakirəsi keçirilib.
Trend xəbər verir
ki, sessiya zamanı iştirakçılar mənzili insan hüququ və ləyaqətin,
bərabərliyin, sosial mobilliyin əsaslarından biri kimi müzakirə
ediblər.
Panel müzakirəsində mənzil sahəsində yoxsulluq və
bərabərsizliyin effektiv şəkildə azaldılmasına imkan verən
yanaşmalar, mənzil təminatı vasitəsilə yoxsulluğun azaldılması və
prosesin sürətləndirilməsi üçün zəruri prioritet addımlar və
tərəfdaşlıqlar, həmçinin hökumətlərin, xüsusilə qeyri-formal
yaşayış məntəqələri və marjinallaşdırılmış ərazilərdə mənzil
çatışmazlığı problemini necə həll edə biləcəyi ilə bağlı məsələlər
nəzərdən keçirilib.
Tədbirdə Keyp-Taun Universiteti nəzdində fəaliyyət göstərən
Afrika Şəhərlər Mərkəzinin təsisçi-direktoru Edqar Piterse, eləcə
də Mərakeşin mənzil məsələləri üzrə dövlət katibi Adib Bin-Brahim,
çıxış edib.
Qeyd edək ki, WUF13 17–22 may 2026-cı il tarixlərində UN-Habitat
proqramı və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda
keçirilir. Forumda müxtəlif ölkələrdən hökumət nümayəndələri,
bələdiyyələr, özəl sektor, vətəndaş cəmiyyəti, gənclər, akademik
ictimaiyyət və beynəlxalq təşkilatlar iştirak edirlər.

