
Bakı.Trend:
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev UN-Habitat-ın “Yaşıl
şəhər” Beynəlxalq Mükafatının təsis edilməsini təklif edib.
Trend xəbər verir
ki, o, bu barədə Bakıda WUF13 çərçivəsində liderlərin bəyanatı
zamanı etdiyi çıxışda danışıb.
“Qlobal iqlim dəyişikliyi şəraitində “yaşıl” şəhərlərin
yaradılması üçün ümumi prinsiplərin və standartların qəbul edilməsi
getdikcə daha aktualllaşır. Təbiətlə harmoniya şəraitində inkişaf
edən şəhərlərin təşviqi məqsədilə mən UN-Habitat-ın “Yaşıl şəhər”
Beynəlxalq Mükafatının təsis edilməsini təklif edirəm”, – deyə
Şavkat Mirziyoyev bildirib.
O, həmçinin qeyd edib ki, urbanizasiya səviyyəsinin artması
şəhərlərdə ənənəvi yerli özünüidarəetmə strukturlarının rolunu daha
da artırır.
“Bu baxımdan mən 2030-cu ildə Ümumdünya Şəhərsalma Forumunun
15-ci sessiyasının Yeni Daşkənddə keçirilməsini təklif edirəm.
Forumun əsas mövzusu yerli icmaların şəhərlərin dayanıqlı
inkişafındakı rolu olacaq”, – deyə Prezident bildirib.

