
Bakı. Trend:
Ümumdünya Meteorologiya Təşkilatının məlumatına əsasən, dünya
son dövrlərin ən isti günlərini yaşayır.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim
məsələləri üzrə nümayəndəsi Muxtar Babayev WUF13 çərçivəsində “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda
keçirilən tədbirdə video formatda çıxışında bildirib.
Onun sözlərinə görə, COP29-da iqlim maliyyəsi və adaptasiya kimi
mühüm məsələlər müzakirə olunub:
“WUF13 isə şəhərlərin dayanıqlı inkişafı üçün vacib bir
platformadır. İqlim dəyişikliyi dünyanın hər yerində şəhərlərə
ciddi təsir göstərir və bir çox hallarda hadisələrin
proqnozlaşdırılmasını çətinləşdirir. Təbii fəlakətlər
infrastruktura və milyonlarla insanın həyatına təsir edir. Erkən
xəbərdarlıq sistemləri kritik infrastrukturun zədələnməsinin
qarşısını almaqda mühüm rol oynayır və bu sistemlər itkilərin
təxminən 30%-ə qədər azalmasına kömək edə bilər. Eyni zamanda,
həssas qrupların həyatına təsirlərin azaldılmasında xüsusi
əhəmiyyət daşıyır.
Lakin kommunikasiya baryerləri və maliyyə məhdudiyyətləri burada
əsas problemlərdən biri olaraq qalır. Bu səbəbdən özəl sektor və
dövlət arasında tərəfdaşlıq xüsusilə vacibdir. Azərbaycanda son 25
il ərzində orta temperaturda artım tendensiyası müşahidə olunur,
kəskin isti günlər və quraqlıq hallarının sayı isə əhəmiyyətli
dərəcədə artıb. İqlimə dayanıqlı şəhərlər şəhərsalma
planlaşdırılmasının əsas elementi olmalıdır. Bu proses vahid və
koordinasiyalı yanaşma tələb edir. Heç bir ölkə bu çağırışlarla
təkbaşına mübarizə apara bilməz. Azərbaycan isə bu istiqamətdə
dialoq və beynəlxalq əməkdaşlığa fəal şəkildə töhfə verir”.

