
Bakı.Trend:
Dünyanın bütün regionlarında mənzil məsələsi siyasət
müzakirələrinin kənarında qalan mövzu olmaqdan çıxaraq siyasi,
iqtisadi və sosial gündəliyin mərkəzinə çevrilib.
Trend xəbər
verir ki, bu fikirləri UN-Habitat-ın Regional Proqramlar Bölməsinin
direktoru Patrik Kalaqasinlam WUF13 çərçivəsində keçirilən “Mənzil
qlobal koalisiyaların mərkəzində” adlı panel müzakirəsində
deyib.
“Qlobal iqtisadiyyata baxın. Mənzil sistemləri artıq
məhsuldarlıq, miqrasiya, dövlət maliyyəsi və dayanıqlılıq
məsələləri ilə dərin şəkildə əlaqələnir. Bəs bu əslində nə
deməkdir? Mənzil artıq yalnız ayrıca bir sektor və ya sosial sahə
məsələsi deyil. Bu, sistem xarakterli məsələyə çevrilir. Sistem
xarakterli problemlər isə koalisiyaya əsaslanan yanaşma tələb
edir”,-deyə o bildirib.
UN-Habitat rəsmisi bildirib ki, əgər biz mənzil məsələsini
düzgün həll etməsək, iqlim strategiyalarının uğurlu olub-olmaması,
şəhər iqtisadiyyatlarının rəqabət qabiliyyətini qoruyub saxlaması,
demoqrafik keçidlərin idarə olunması və sosial həmrəyliyin davam
etməsi ciddi risk altına düşəcək:
“Məhz buna görə də mənzil məsələsi qlobal koalisiyaların
mərkəzində dayanmalıdır. Bu, ikinci dərəcəli və ya sonradan yada
düşən məsələ deyil”.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

