
Bakı. Trend:
Bu gün şəhərlər artıq sadəcə insanların yaşadığı və işlədiyi
məkanlar deyil. Onlar diplomatiya, infrastruktur, texnologiya,
iqlim fəaliyyəti və regional əməkdaşlıq üçün strateji platformalara
çevrilib.
Trend xəbər
verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda WUF13
çərçivəsində keçirilən “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər
yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə
deyib.
Nazir vurğulayıb ki, dayanıqlı inkişafın gələcəyi böyük ölçüdə
şəhərləri yalnız fiziki deyil, həm də iqtisadi, rəqəmsal,
institusional və sosial baxımdan nə qədər uğurla birləşdirə
biləcəyimizdən asılı olacaq:
“Təxminən iki il əvvəl COP29-a ev sahibliyi edən ölkə kimi
Azərbaycan urbanizasiya və şəhərləri qlobal iqlim gündəliyinin
mərkəzinə yerləşdirdi. Biz anlayırdıq ki, şəhərlər qlobal
emissiyaların əhəmiyyətli hissəsinə səbəb olmaqla yanaşı, eyni
zamanda innovasiya, dayanıqlılıq və iqlim böhranına qarşı həllərin
əsas mənbəyidir.
Bu təşəbbüslər vasitəsilə Azərbaycan həmçinin COP və WUF
prosesləri arasında sinerji yaratmağa nail oldu və şəhərlərin
çoxtərəfli müzakirələrin mərkəzində daha möhkəm yer tutmasına töhfə
verdi”.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

